ABŞ-ın Florida ştatında məhkəmə Kubanın keçmiş lideri Raul Kastronun həbsi barədə order verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.
Hazırda 95 yaşı olan Kastro 1996-cı ildə iki mülki təyyarənin vurulmasında mümkün iştirakına görə ittiham olunur.
İş üzrə daha beş nəfər, Lorenso Alberto Peres-Peres, Emilio Xose Palasio-Blanko, Xose Fidel Qual Barsaqa, Raul Simanke Kardenas və Luis Raul Qonsales-Pardo Rodriges də ittiham edilib. Onlara qarşı ümumilikdə bir neçə maddə üzrə ittiham irəli sürülüb. Bunlardan dördü qətl, ikisi isə təyyarələrin məhv edilməsi və ABŞ vətəndaşlarının öldürülməsi məqsədilə sui-qəsdlə bağlıdır.
Hadisə 24 fevral 1996-cı ildə baş verib. Həmin gün Kuba Hərbi Hava Qüvvələri Mayamidə yerləşən kubalı mühacirlərin “Brothers to the Rescue” (“Xilasetməyə gələn qardaşlar”) təşkilatına məxsus iki mülki “Cessna 337” təyyarəsini vurub. Nəticədə hər iki təyyarədə olan dörd nəfər həlak olub. Üçüncü təyyarənin ekipajı isə Floridaya qayıtmağı bacarıb.
Təşkilat əsasən dəniz yolu ilə ABŞ-a çatmağa çalışan kubalı qaçqınların axtarışı ilə məşğul olub. Bununla yanaşı, Kuba hökumətinə qarşı aksiyalar keçirir, o cümlədən ölkə ərazisinə təyyarələrdən vərəqələr atıb. Kuba hakimiyyəti təşkilatın fəaliyyətini ölkənin təhlükəsizliyinə təhdid hesab edib və təyyarələrin Kuba hava məkanını pozduğunu bildirib.
Qeyd edək ki, Raul Kastro Kuba inqilabının lideri Fidel Kastronun kiçik qardaşıdır. O, 2008–2018-ci illərdə Kuba prezidenti olub. Bundan əvvəl isə ölkənin müdafiə naziri vəzifəsini tutub. Təyyarələrin vurulduğu 1996-cı ildə də bu vəzifədə çalışıb. Prezident postundan getdikdən sonra da Raul Kastro ölkənin siyasi həyatına təsirini qoruyub saxlayıb.
Əliyar Xəlil



