İdman · Futbolpress.az

“Zirə” Şamaxıda xal dalınca

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Zirə” Şamaxıda xal dalınca xəbəri üçün şəkil

Şamaxı şəhər stadionu növbəti dəfə ziddiyyətli mənzərəyə ev sahibliyi edəcək. Oktyabrın 31-də, Misli Premyer Liqasının X turunda mövsümün gedişində hələ də qələbə qazana bilməyən “Araz-Naxçıvan” avrokubok zonasına düşməyə çalışan “Zirə” ilə üz-üzə gələcək.

Ziddiyyətli seriya

Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” cari mövsümdə qeyri-sabit gedişi ilə diqqət çəkir. Keçirdiyi 9 oyunda 4 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət əldə edən qəsəbə təmsilçisi aktivinə yazdırdığı 15 xalla 5-ci pillədə qərarlaşıb. Komandanın vurduğu və buraxdığı qolların bərabər olması (12:12) “qartallar”ın oyunundakı balanssızlığı və epizodik səhvləri açıq göstərir.

Çempionatın son 5 matçında qeydə alınan nəticələr, yəni “Qarabağ”la heç-heçə, “Turan Tovuz”a minimal hesablı məğlubiyyət, “Şamaxı” və “Kəpəz”lə “sülh”, eləcə də “Sumqayıt” üzərində 3:2 hesablı qələbə ziddiyyətli mənzərə yaradır. Bu, “qartallar”ın istənilən rəqibə başağrısı ola bildiyini, lakin eyni zamanda aşağı pillələrdəki komandalarla matçlarda da xal itkiləri ilə üzləşdiyini göstərir. Üstəlik, kubokda I Liqa təmsilçisi “Səbail”lə matçda əsas vaxtın 2:2 başa çatması və penaltilərdə çətinliklə qalib gəlmələri komandanın psixoloji gərginlikdən tam azad olmadığını sübut edir. Buna baxmayaraq, “Zirə” Şamaxı səfərinə açıq favorit kimi gəlir.

“Araz-Naxçıvan”ın çıxış yolu

Naxçıvan klubunda isə vəziyyət gündən-günə ağırlaşır. Cari mövsümdə hələ də qələbə üzünə həsrət qalan Yuri Maksimovun yetirmələri 9 matçda cəmi 2 heç-heçə edib, 7 dəfə isə məğlub olublar. Aktivində cəmi 2 xal olan komanda turnir cədvəlinin sonuncu, 12-ci pilləsində “zirzəmiyə kilidlənib”. Top fərqindəki acınacaqlı mənzərə (7:19) fonunda “Araz-Naxçıvan” üçün hər qarşılaşma qurtuluş nöqtəsinə çevrilib.

Ancaq ev sahibləri üçün qarşıdakı matç öncəsi ən sevindirici xəbər Ağadadaş Salyanskinin qayıdışıdır. “Sumqayıt”la görüşdə (1:2) iki sarı vərəqə ilə meydandan qovulan və 1 oyunluq cəzasını ötən tur “Qəbələ” ilə matçda (1:2) çəkən gənc hücumçu sıradadır. Salyanskinin hücum xəttinə qayıtması Naxçıvan təmsilçisinin qol potensialını artıracaq əsas amildir.

Statistika nə deyir?

İki komanda arasındakı son oyunların statistikası rəqabətin gərgin keçdiyini göstərir. Son 5 görüşün statistikası göstərir ki, tərəflərdən heç biri rəqibinə asan xal verməyib:

23 may 2026. “Araz-Naxçıvan” – “Zirə” 3 – 2

27 fevral 2026. “Araz-Naxçıvan” – “Zirə” 0 – 1

19 avqust 2025. “Zirə” – “Araz-Naxçıvan” 1 – 1

25 may 2025. “Araz-Naxçıvan” – “Zirə” 0 – 1

18 yanvar 2025. “Zirə” – “Araz-Naxçıvan” 1 – 0

Şamaxı şəhər stadionunda keçiriləcək bu duel “Zirə” üçün avrokubok yarışından geri qalmamaq, “Araz-Naxçıvan” üçün isə uzun həsrətə son qoyaraq qurtuluş yolunu tapmaq deməkdir. Salyanskinin qayıdışı Naxçıvan klubuna ümid versə də, Rəşad Sadıqovun kollektivi üçün 3 xaldan başqa hər hansı nəticə uğursuzluq sayılacaq.

Ayxan Zayıdzadə

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑