Misli Premyer Liqasının IX turunda öz meydanında “Qəbələ”yə 1:2 hesabı ilə uduzan “Araz-Naxçıvan”ın futbolçusu Şarl Boli matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırıb.
Hücumçu məğlubiyyətin səbəblərini, ləğv edilən qolun təsirini və qarşıdakı kubok matçını dəyərləndirdi:
– Oyun haqqında təəssüratlarınız necədir?
– Çox çətin matç alındı. Meydanda yaxşı oynamağa, əlimizdən gələni etməyə çalışdıq. Amma açıq etiraf etməliyəm ki, hələ çox inkişaf etməliyik. Bu o demək deyil ki, pis oynadıq. Sadəcə, həm müdafiə, həm də hücum cəhətdən potensialımızı xeyli artırmalıyıq ki, bu cür qarşılaşmalardan xalla ayrılaq.
– Sayılmayan qol komandaya psixoloji olaraq necə təsir etdi? Həmin epizod oyunun gedişatını dəyişdimi?
– Bizim üçün çox kədərli an idi. Çünki birinci hissəni 1:1 hesabıyla başa vurmuşduq və fasilədən sonra paltardəyişmə otağından qayıdanda oyunu çevirəcəyimizə inanırdıq. Amma ikinci hissənin əvvəlində buraxdığımız erkən qol motivasiyamıza mənfi təsir etdi. Belə olanda “Qəbələ” kimi komandaya qarşı oynamaq daha da çətinləşir. Sonadək çalışdıq, mübarizə apardıq, lakin təəssüf ki, hesabı bərabərləşdirmək alınmadı.
– Cari mövsümdə nəticələrdə müəyyən eniş-yoxuşlar müşahidə olunur. Futbolçular olaraq bu psixoloji gərginliyi necə aşmağı düşünürsünüz?
– Hər bir oyun bizim üçün dərsdir. Hazırkı durumumuz yaxşı deyil, amma hər məşqdə daha çox çalışmalı, buraxılan səhvlərdən nəticə çıxarmalıyıq. Bir qələbə bütün ab-havanı dəyişə bilər.
– Qarşıda sizi Azərbaycan Kubokunda “Mingəçevir” matçı gözləyir. Bu qarşılaşmaya hazırlıq prosesi və gözləntiləriniz necədir?
– İndi bərpa olunmaq və yorğunluğu atmaq üçün vaxtımız var. Matça ciddi hazırlaşmalıyıq, çünki indiki məqamda qazanılacaq hər bir qələbə bizim üçün çox dəyərlidir. Çətin qarşılaşma olacaq, lakin hər cür ssenariyə köklənməliyik. Əgər kubok matçında istədiyimiz nəticəni əldə edə bilsək, bu, çempionatdakı oyunlar üçün bizə əlavə motivasiya verəcək.
Ayxan Zayıdzadə





