UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakı Olimpiya Stadionunda Çexiyanın “Slaviya” (Praqa) klubuna 2:0 hesabı ilə qalib gələn “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında tarixi zəfəri dəyərləndirib.
Futbolpress.az xəbər verir ki, litvalı mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– Oyunun ilk dəqiqələrindən rəqibə ciddi təzyiq göstərməyə başladıq. “Slaviya”nı matçdan öncə çox dəqiq təhlil etmişdik, onların müdafiədəki zəif nöqtələrini yaxşı bilirdik. Nəzərə almaq lazımdır ki, Çexiya təmsilçisi fiziki cəhətdən inanılmaz dərəcədə güclü və dözümlü komandadır. Çempionlar Liqasının əsas mərhələsində doğma azarkeşlərimiz önündə ilk oyunumuzu keçirdik və ilk qələbəmizi qazandıq.
– Matçın taktiki gedişatını necə təhlil edərdiniz?
– İlk 20-25 dəqiqə ərzində topa nəzarət tamamilə bizim tərəfimizdə idi. Lakin qarşılaşmanın irəliləyən dəqiqələrində rəqib tarazlığı bərpa etdi və topa sahibolma nisbəti bərabərləşdi. Bu cür fiziki baxımdan möhkəm rəqiblərə qarşı oynayanda müdafiə xəttində boşluq tapmaq olduqca mürəkkəbdir. İkinci hissədə isə həm sistemimizi qoruduq, həm də boşluqları tapıb fasilədən dərhal sonra hesabda önə keçdik. Bəzi epizodlarda bəxtimiz də gətirdi, amma öz şansımızı gözlədik və ikinci qolu vuraraq matçın taleyini həll etdik. Futbolçularım verilən bütün tapşırıqları meydanda layiqincə yerinə yetirdilər. “Sabah” bu gecə həqiqətən möhtəşəm bir nəticəyə imza atdı.
– Stiv Solvetin bu gün əvəzlənməsi nə ilə bağlı idi?
– Solvetin əvəzlənməsi aldığı sarı vərəqə ilə əlaqədar deyildi. Onun matçdan öncə də zədəsi var idi, sadəcə risk etməmək üçün onu əvəzləməli olduq. “Sabah”ın tibbi heyəti əsl fədakarlıq göstərdi. Normalda o, sıralara daha gec dönməli idi, lakin həkimlərimizin sayəsində bu matça çatdırıldı. Zədəsi yenidən ağırlaşmasın deyə onu meydandan çıxardıq. Stiv bu gün həqiqətən əla oyun nümayiş etdirdi.
– Azarkeşlərə nə demək istəyirsiniz?
– Çalışacağıq ki, növbəti qarşılaşmalarda daha yaxşı oyun göstərək. Gələcəkdə Bakı Olimpiya Stadionunun tribunalarında daha çox azarkeş görmək istəyirəm. Digər görüşlərlə bağlı indidən proqnoz vermək çətindir, lakin şükürlər olsun ki, bu gün istədiyimiz nəticəni əldə etdik. İndi bütün diqqətimizi Premyer Liqada “Qəbələ” ilə keçiriləcək matça yönəltməliyik. Həmin qarşılaşmadan sonra yenidən Çempionlar Liqasındakı növbəti sınağımıza köklənəcəyik.
Ayxan Zayıdzadə



