İdman · Futbolpress.az

“Bu cür turnirlər futbolçuların inkişafı üçün çox faydalıdır”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Bu cür turnirlər futbolçuların inkişafı üçün çox faydalıdır” xəbəri üçün şəkil

Bakı U-15 dünya çempionatı və futbol festivalına ev sahibliyi edir.

AFFA-nın texniki direktoru Edmond Klausun köməkçisi Arif Əsədov turnirlə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Dünya çempionatı ilə bağlı fikirlərinizi bildirərdiniz.
– İlk dəfədir belə format oynanılır. Turnirin Azərbaycanda keçirilməsi qürurvericidir. Qısa müddətdə möhtəşəm infrastruktur quruldu. Yarış çox yaxşı şəraitdə təşkil olunur. Oyunları izləyirik, əla mübarizə gedir. Müxtəlif ölkələrin futbol fəlsəfələrini görürük. Bu yaşda olan futbolçular üçün dünya çempionatında iştirak etmək onların inkişafına böyük təkan olacaq.

– 8×8 formatı sizcə, nə dərəcədə effektiv olacaq?
– Burada əsas məqam intensivlik, qərarvermə sürəti və istedadların üzə çıxmasıdır. Taktiki amillərdən daha çox fərdi keyfiyyətlər ön plandadır. Futbolçuların topla və topsuz düşüncələri açıq şəkildə görünür. Düşünürəm ki, bu yaş üçün belə formatın olmasında məqsəd nəticə və taktika plandan öncə istedadların üzə çıxarılmasıdır. Oyunları izləyəndə də şahidi oluruq, bəzi milli komandalar ümumi olaraq zəif görünsə də, fərdi olaraq futbolçuların keyfiyyəti mütəxəssisləri cəlb edir.

– Millinin nəticələrini necə dəyərləndirirsiniz?
– Qrupda üçüncü olduq və bu, reallığı nəzərə alanda yaxşıdır. Çünki yığma qısa müddətdə formalaşdı. 2-3 aya komanda yığıldı. Həmin ərəfədə “Sabahın Ulduzları” turniri də keçirilirdi. Bu yarışın çoxlu faydaları oldu. Təxminən 150 nəfər arasından seçim aparıldı.

– Yarış futbolçuların inkişafına hansı təsirləri göstərəcək?
– Bu cür turnirlər futbolçuların inkişafı üçün çox faydalıdır. Oyunçular yenilikləri görür, müxtəlif fəlsəfələrlə tanış olur. İlk matçlarda həyəcan və təcrübəsizlik müşahidə olunurdu. Lakin getdikcə uyğunlaşdılar və komandalar daha yaxşı təsir bağışladılar. Milli komandamız da oyundan-oyuna artırdı.

– Azərbaycanın belə turnirə ev sahibliyi etməsinin ölkə futboluna hansı faydaları olacaq?
– Bakı artıq neçənci dəfədir, belə turnirlərə ev sahibliyi edir. Bu, ölkə prezidentinin futbola diqqətini də göstərir. İnfrastruktur baxımından yeni meydançaların qurulması müsbət haldır.

– Məşhur mütəxəssis Arsen Venger də turnir üçün Bakıdadır. Onunla görüşmək imkanınız olub?
– Dünya çempionatıdır və böyük maraq doğurması təbiidir. Arsen Venger uzun illərdir FIFA-da çalışır. “Arsenal”da gördüyü işlər hər kəsə məlumdur. O, istedadlı futbolçuları  üzə çıxarmaq bacarığı ilə də tanınır. Bu dünya çempionatının təşkil olunması ideyası da ona məxsusdur. Yaxın zamanlarda klubların və milli komandaların baş məşqçiləri ilə görüşəcək. Düşünürəm ki, onunla müzakirələr çox faydalı olacaq.

Şahin Cəfərov

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑