Belarusun Qomel şəhərində eşitmə məhdudiyyətli idmançılar arasında keçirilən yunan-Roma güləşi üzrə Belarus Açıq Kuboku Azərbaycan milli komandasının böyük zəfəri ilə başa çatıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 8-dən 12-dək təşkil olunmuş beynəlxalq yarışda 5 ölkənin pəhləvanları mübarizə aparıblar. Heyətdə yer alan 9 idmançının hər birinin medal qazanması sayəsində yığmamız turniri maksimal nəticə ilə yekunlaşdırıb.
Milli komandamızın heyətində Murad Cəfərov (55 kq), Kənan Allahverdiyev (60 kq), Namiq Əliyev (72 kq) və İlkin Həmzəyev (82 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ceyhun İsazadə (60 kq), Tuncay İbrahimzadə (77 kq) və Elimxan Qırxlarzadə (130 kq) gümüş, Qəmbər Türbətzadə (72 kq) və Zöhrab Mehdiyev (77 kq) isə bürünc medala yiyələniblər.
Aktivinə 4 qızıl, 3 gümüş və 2 bürünc mükafat yazdıran Azərbaycan seçməsi ümumilikdə 195 xal toplayaraq 5 ölkə arasında komanda hesabında birinci yeri tutub.



