Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatında Azərbaycan milli komandası aktivinə növbəti medalı yazdırıb.
Futbolpress.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Murad Fətiyev yarışın bürünc medalına sahib çıxıb. İdmançımız 3-cü yer uğrunda həlledici görüşdə Serbiya cüdoçusu Nemanya Maydovu üstələyərək fəxri kürsüyə qalxmağı bacarıb.
Yarış günündə tatamiyə çıxan digər cüdoçularımız Südabə Ağayeva (70 kq), Elcan Hacıyev və Süleyman Şükürov (hər ikisi 90 kq) isə mübarizəni erkən dayandıraraq medal qazana bilməyiblər.
Milli Gimnastika Arenasında oktyabrın 11-dək davam edəcək analoji yarışda milli komandamızın hesabında artıq 5 medal var. Daha əvvəl Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc mükafata yiyələniblər.




