Azərbaycan Kubokunun II təsnifat mərhələsi çərçivəsində səfərdə “Hypers”ə 5:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksələn “Şamaxı”nın baş məşqçisi Azər Bağırov matçdan sonra açıqlama verdi.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis əsas diqqəti ikinci heyət oyunçularının şans qazanmasına və qarşıdakı oyunlara yönəltdiklərini bildirdi:
– Komandamız üçün faydalı oyun alındı. Bu qarşılaşmada daha çox çempionatda az oynayan, ehtiyat qüvvədə olan futbolçularımıza şans verməyə çalışdıq ki, hər kəs meydan təcrübəsi qazansın. Ümumilikdə maraqlı görüş alındı, baxmayaraq ki, müəyyən səhvlərimiz də oldu. Bəzi oyunçular üçün bu matç özlərini doğrultmaq və məşqçilər korpusunda müsbət fikir formalaşdırmaq baxımından əla fürsət oldu. Ən əsası odur ki, matçı heç bir zədə və ya xoşagəlməz problemlə üzləşmədən başa vurduq. Qələbə münasibətilə bütün komandamı təbrik edirəm. İndi isə “Neftçi” ilə çempionat oyununa köklənməliyik.
Ayxan Zayıdzadə



