Sudanın şimalında, Misir sərhədinə yaxın ərazidə yerləşən qızıl mədəninə endirilən hava zərbəsi nəticəsində təxminən 72 nəfərin həyatını itirdiyi iddia olunur.
Edtor.az-ın France 24-ə istinadən yaydığı məlumata görə, hadisə barədə Sudanda fəaliyyət göstərən “Fövqəladə vəziyyət vəkilləri” adlı hüquq müdafiə təşkilatı məlumat yayıb.
Təşkilatın bildirdiyinə əsasən, oktyabrın 10-da Misir Hərbi Hava Qüvvələrinin Sudanın şimalındakı qızıl mədəninə zərbə endirdiyi iddia edilir. Hücum nəticəsində mədəndə çalışan 72 şaxtaçının öldüyü bildirilir.
Sudan Həkimlər Şəbəkəsi də ərazidə hava hücumunun baş verdiyini təsdiqləyib. Bununla belə, təşkilat zərbənin hansı tərəf tərəfindən həyata keçirildiyi barədə məlumat verməyib.
Hadisə ilə bağlı hələlik heç bir tərəf məsuliyyəti üzərinə götürməyib. Misir Hərbi Hava Qüvvələri və ölkənin Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.
Hücumun kim tərəfindən həyata keçirildiyi və ölənlərin sayı barədə məlumatların müstəqil şəkildə təsdiqlənməsi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.




