Siyasət · Editor.az

Paşinyanın sülh hesablamaları Bakının şərtinə ilişib: İrəvan hansı qərarı verəcək?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyanın sülh hesablamaları Bakının şərtinə ilişib: İrəvan hansı qərarı verəcək? xəbəri üçün şəkil

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanma tarixi ətrafında müzakirələr davam etdiyi bir vaxtda rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır. Ermənistanın Baş naziri Nikol Paşinyanın sazişin imzalanması ilə bağlı müxtəlif tarixlər səsləndirməsi prosesin real perspektivləri barədə suallar yaradır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizin yekun sülh sazişini imzalamağa hər zaman hazır və sadiq olduğunu bəyan etməsi isə diqqəti yenidən İrəvanın üzərinə yönəldir.

Görəsən, Bakının bu qəti mövqeyi Ermənistanı konkret addımlar atmağa sövq edəcəkmi? Paşinyan hakimiyyəti sülh prosesini sürətləndirmək üçün zəruri siyasi qərarları verməyə hazırdırmı?

Siyasi şərhçi Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanması birmənalı şəkildə rəsmi İrəvandan asılıdır:

 

“Çünki Azərbaycanın mövqeyi qəti və dəyişməz qalır. Azərbaycan əsas şərt kimi Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları olan müddəaların konstitusiyasından çıxarılmasını tələb edir və bundan sonra, əgər bu şərt yerinə yetirildikdən sonra yekun sülh sazişinin imzalanması qarşısında heç bir əngəl qalmamış olacaq.

Rəsmi İrəvan da Azərbaycanın bu şərtini demək olar ki, qəbul edir. Ancaq son vaxtlar Paşinyan hakimiyyəti dünyada gedən, eləcə də Cənubi Qafqaz ətrafında gedən geopolitik proseslərdən müəyyən fərqli hesablamalar aparmaq imkanı qazanmış kimi hesab edir özünü. Ümid edir ki, geopolitik proseslər Ermənistanın xeyrinə dəyişə bilər və Azərbaycanın şərtini yerinə yetirmək məcburiyyətində qalmaya da bilər. Ancaq rəsmi İrəvan bu məsələdə ciddi şəkildə səhv eləyir.

Hazırda nə zaman, nə də geopolitik proseslər Ermənistanın xeyrinə deyil. İlk baxışdan müəyyən fərqli hadisələrin baş verdiyi müşahidə olunsa da, Azərbaycan regional siyasi situasiyaya tam nəzarət edir və Cənubi Qafqazda Azərbaycanın siyasi iradəsi heqemon xarakter daşıyır. Ona görə də Paşinyan hakimiyyəti əgər Ermənistanın inkişaf perspektivlərinə qovuşmasını istəyirsə, blokadadan çıxmasını istəyirsə, onda mütləq ilk növbədə Ermənistanda konstitusiya dəyişikliyi üzrə referendum keçirməlidir və həmin referenduma Azərbaycanın şərtini yerinə yetirməlidir və yalnız bundan sonra yekun sülh sazişi imzalanmalıdır. Hələlik Paşinyan hakimiyyəti buna o qədər də həvəs göstərmir, müxtəlif tarixlər gündəmə gətirir, manipulyasiyalar etməyə çalışır və bununla da onu göstərir ki, Ermənistan hələ də öz provokativ mövqeyindən tam imtina eləmir. Yəni Ermənistana qarşı həmişə dəmir yumruq hazır vəziyyətdə olmalıdır.

Bütün bunları ümumiləşdirəndə belə nəticəyə gəlmək olar ki, hazırda yekun sülh sazişinin imzalanması qarşısındakı əsas əngəl məhz Ermənistanın manipulativ mövqeyidir. Ermənistanın sözdə sülh, reallıqda isə bunun əksinə sülhü gecikdirən davranışlarıdır.

Və bu baxımdan da hesab eləmək olar ki, bundan sonrakı sülh prosesinin inkişaf istiqamətləri məhz Paşinyan hakimiyyətinin yekun sülh sazişini imzalamamaqda hansı səviyyədə maraqlı olmasından asılıdır. Əgər konstitusiya islahatları keçirilməzsə, o zaman Ermənistan xarici qüvvələrin təsiri altında qalmağa üstünlük vermiş anlamına gələcək bu. Çünki yekun sülh sazişinin imzalanmaması həm Rusiyaya, həm də Avropa Birliyinə sərfəlidir.

Azərbaycan və Ermənistan arasındakı istənilən xırdaca problem belə həmin xarici qüvvələrə Cənubi Qafqazda təsir mexanizmləri rolunu oynaya bilər. Yəni bu baxımdan Ermənistanın hazırda müstəqil davrandığını düşünmək çox çətindir. Böyük ehtimalla rəsmi İrəvan Ermənistanın himayədarlarının və eyni zamanda Cənubi Qafqazda maraqları olan dövlətlərin təlimatlarına və yaxud maraqlarına uyğun davranmağa çalışır”.

//Gülnarə Abasova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑