Dünya · Editor.az

Netanyahunun siyasi gələcəyi sual altındadır: İsrailin region siyasəti dəyişəcəkmi?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahunun siyasi gələcəyi sual altındadır: İsrailin region siyasəti dəyişəcəkmi? xəbəri üçün şəkil

Exit-poll məlumatlarına əsasən, Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blok hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq mütləq çoxluğu əldə edə bilməyib və İsraildə siyasi dalana dirənmə ehtimalı gündəmə gəlib.

Belə bir şəraitdə İsraildə mümkün hakimiyyət dəyişikliyinin ölkənin daxili və xarici siyasətinə necə təsir edəcəyi xüsusi maraq doğurur. Xüsusilə, yeni hökumətin Fələstin məsələsinə, Qəzza zolağındakı vəziyyətə və İranla münasibətlərə yanaşmasının dəyişib-dəyişməyəcəyi diqqət mərkəzindədir. Eyni zamanda, hakimiyyət dəyişikliyinin İsrailin ABŞ və digər regional tərəfdaşları ilə münasibətlərinə, eləcə də Yaxın Şərqdəki ümumi geosiyasi proseslərə təsiri də mühüm suallar yaradır.

Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, seçkilərdən əvvəlki proqnozlar Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyasının üstünlük əldə edəcəyini göstərirdi.

“Lakin əsas məsələ bu üstünlüyün mütləq çoxluğu təmin edib-etməyəcəyi idi. İndi məlum olur ki, Likud partiyası mütləq çoxluq əldə edə bilməyib və Netanyahu yenidən koalisiya hökuməti formalaşdırmaq məcburiyyətində qalacaq.

Ötən dəfəki təcrübəni xatırlasaq, Netanyahu iki dəfə cəhd göstərməsinə baxmayaraq, koalisiyanı formalaşdıra bilməmişdi. Ona əlavə vaxt verildikdən sonra, müddətin başa çatmasına cəmi 15 dəqiqə qalmış Şas və digər radikal partiyalarla razılığa gələrək koalisiya yaratdı. Nəticədə son dövrdə həmin hökumətin fəaliyyətinin və əsas siyasi xəttinin nədən ibarət olduğunu gördük.

Burada diqqəti çəkən əsas məqam İsraildə hakimiyyət strukturlarının, xüsusilə də hökumətin getdikcə daha radikal mövqe tutmasıdır. Fələstinlilərə qarşı törədilən əməllər, əslində, soyqırımı xarakteri daşıyır. 18 minə yaxın uşaq öldürülüb, 70 mindən artıq mülki fələstinli qətlə yetirilib. Təbii ki, bütün bunlar dünya ictimaiyyətində İsrail dövlətinə qarşı ciddi narazılıq yaradıb.

Artıq Avropa İttifaqına üzv ölkələr də İsraillə münasibətlərinə yenidən nəzər salır, müəyyən düzəlişlər edir və əlaqələrə məhdudiyyətlər tətbiq edirlər. Eyni zamanda, sanksiya siyasətini dəstəkləyən yanaşmalar güclənir.

Netanyahu, əlbəttə, sonuncu dəfə hökumət başçısı olduğu dövrün nəticələrini nəzərə almalı və bundan sonra hansı addımları atacağını müəyyənləşdirməlidir. Lakin seçkilərə cəmi bir neçə saat qalmış o, yenidən İran hökumətini və İran dövlətini Hitler Almaniyası ilə eyni müstəvidə təqdim etdi. Bu yanaşmada, sözün əsl mənasında, emosional münasibət özünü büruzə verir.

Çünki Hitlerin siyasətini xatırladan əməlləri, əslində, Ben-Qvir və Smotriç kimi nazirlər həyata keçirirdilər, Netanyahu isə buna göz yumurdu. Bunun səbəbi onun koalisiya tərəfdaşlarından asılı vəziyyətə düşməsi idi. Həmin nazirlər Netanyahunu təzyiq altında saxlayır, onların tələbləri yerinə yetirilmədiyi təqdirdə koalisiyadan çıxacaqları, hökumətin dağılacağı və növbədənkənar seçkilərin keçiriləcəyi ilə hədələyirdilər. Beləliklə, Netanyahu müəyyən mənada koalisiya tərəfdaşlarının girovuna çevrilmişdi və müstəqil qərarlar qəbul etmək imkanları məhdudlaşmışdı.

Digər tərəfdən, həbsxanalarda və cəzaçəkmə müəssisələrində fələstinli məhbuslarla son dərəcə qəddar rəftar edilir. Onların üzləşdiyi zorakılıq halları ilə bağlı şikayətlər var. Hətta, üzr istəyirəm, məhbusların cinsi zorakılığa məruz qalması barədə məlumatlar da mövcuddur. Bütün bunlar məlum olsa da, lazımi etiraz və reaksiyalar hər zaman özünü göstərmir.

Əslində, İsraildə vətəndaş cəmiyyəti kifayət qədər güclüdür. İctimai fəallar etiraz edir, bu məsələləri gündəmə gətirirlər. Dünyanın müxtəlif yerlərində də çoxsaylı qüvvələr baş verənlərə diqqət yetirir və belə halların yolverilməz olduğunu bildirirlər. Buna baxmayaraq, proseslər davam edir və vəziyyətə təsir göstərmək imkanları məhdud qalır.

İndi, əgər Netanyahu yeni koalisiya formalaşdıra bilsə və əvvəlki hökumətin tərkibi ilə yenidən hakimiyyətə qayıtsa, bu, siyasi kursun dəyişməyəcəyini göstərəcək. İranla bağlı vəziyyət də narahatlıq doğurur. Netanyahu İranı nasist Almaniyası ilə müqayisə edir və onun tarixdəki həmin rejimin siyasətini təkrarladığını bildirirsə, bu, İrana qarşı müəyyən addımların atılacağına dair mesaj kimi qiymətləndirilə bilər.

Bəs bu addımlar nədən ibarət ola bilər? Ehtimal etmək olar ki, ABŞ ilə birlikdə İrana qarşı növbəti hərbi hücum həyata keçirilməyə cəhd göstərilsin. Digər variant isə İsrailin təkbaşına hərəkətə keçərək sonradan ABŞ-ni də bu prosesə cəlb etməyə çalışmasıdır. Hazırda hər iki ölkənin hərbi hazırlıq məsələləri gündəmdədir. Hesab edirəm ki, bu istiqamətdə də ciddi dəyişiklik gözləmək çətindir. Müharibə təhlükəsi kifayət qədər yaxındır.

Bununla belə, İsrailin daxili siyasətində müəyyən tələblər və gözləntilər mövcuddur. Qeyd etdiyim kimi, vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də ərəb seçicilərin bir hissəsi daha humanist siyasətin həyata keçirilməsini istəyir. Onlar hesab edirlər ki, İsrail bu cür qəddar siyasəti davam etdirərsə, beynəlxalq nüfuzunu daha da itirəcək.

Görürük ki, hətta idman yarışlarında belə İsrail nümayəndələrinə münasibətdə etiraz xarakterli davranışlarla rastlaşılır. Bunun səbəblərindən biri İsrail hökumətinin siyasətinin nasist ideologiyası ilə əlaqələndirilməsidir. Bütün bunlar vasitəsilə hökumətə təzyiq göstərməyə, Netanyahunu daha təmkinli və mötədil siyasət yürütməyə sövq etməyə çalışırlar.

Hər halda, hazırda bu proseslərlə bağlı kifayət qədər ziddiyyətli məqamlar var və vəziyyətin dəyişməsi üçün ciddi addımlar atılmalıdır. Əks təqdirdə, İsrailin daxili siyasətində yeni sarsıntılar baş verə bilər. Bir neçə ay ərzində ölkənin müxtəlif şəhərlərində, xüsusilə də Təl-Əvivdə fasiləsiz etiraz aksiyaları keçirilmişdi. Buna görə də hesab edirəm ki, siyasi kursda dəyişiklik baş verməsə, həmin etirazların yenidən genişlənərək küçələrə qayıtması mümkündür”.

//Gülnarə Abasova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑