Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ABŞ-dən Moskvada terror aktına hazırlıq barədə məlumat alıb. Musavat.com xəbər verir ki, ABŞ-nin Moskvadakı səfirliyi isə “Tsaritsyno” muzey-qoruğunun ərazisində kütləvi insan tələfatı təhlükəsi barədə xəbərdarlıq edib. ABŞ diplomatik missiyası insanları muzeyi və ətraf ərazini ziyarət etməməyə çağırıb.
Təhlükənin təfərrüatı və nədən qaynaqlandığı barədə heç nə açıqlanmayıb. Diplomatik missiya ABŞ vətəndaşlarına Dolskaya küçəsi 1 ünvanında yerləşən muzey-qoruğa yaxınlaşmamağı, ayıq-sayıq olmağı və izdihamlı yerlərdən qaçmağı tövsiyə edib. Moskvanın cənubunda yerləşən saray muzeyi və park kompleksi olan muzey-qoruğu müvəqqəti olaraq bağlanıb, parka giriş məhdudlaşdırılıb.
2024-cü ilin martında da ABŞ səfirliyi ekstremistlərin Moskvada hücum planları olduğu barədə xəbərdarlıq etmişdi. Böyük Britaniya da oxşar məlumatı yaymışdı. Lakin Rusiya bu xəbərdarlıqları nəzərə almamışdı, məhəl qoymamışdı. Nəticədə neçə gün sonra silahlılar “Krokus Siti Hol” konsert məkanına hücum edərək 140-dan çox insanı öldürdü. Bu, o zaman idi ki, Kreml Bayden hakimiyyəti ilə açıq düşmənçilik edirdi.
Hazırda siyasi reallıq fərqlənir. Tramp iqtidarı Rusiya ilə dialoqu bərpa edib. Ona görə xəbərdarlığa adkevat olaraq ərazidə təhlükəsizlik tədbirləri görülməsinə başlanıb.
Ancaq Moskvada terror olacağı xəbərdarlığı ilk dəfə deyil. Bu il fevralın 9-da Moskva-Sitidə terror aktı törədiləcəyi barədə anonim zənglər olub. Avqustun 1-də isə Moskvanın Kudrinskaya meydanındakı restoranda partlayış baş verib. Aprelin 18-də “Rosxomnadzor” rəhbərliyinə qarşı terror aktı hazırlığının qarşısının alındığı açıqlanıb. Sentyabrın 23-də yüksək vəzifəli dövlət məmurunun avtomobil karvanına qarşı terror aktı hazırlığında şübhəli bilinən şəxs saxlanılıb.
Musavat.com-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, müharibə şəraitində terakt, diversiya və s. əməliyyatların olması mümkündür. Onun sözlərinə görə, Moskvada generallar sui-qəsd nəticəsində öldürülüb, Duqinin qızının maşını partladılıb, bir neçə dəfə isə terror aktlarına cəhdin qarşısı alınıb.
Hərbi təhlilçi hesab edir ki, onlardan ən qorxuncu “Krokus” qətliamıdır və dinc insanlar qətlə yetirilib: “ABŞ növbəti dəfə Rusiyanı məlumatlandırır ki, ön tədbirlər görülsün. Nəzərə alaq ki, indi Moskva səması olduqca təhlükəlidir. Yəni hər gün dron hücumları olur, aeroportlar tam bağlanır. Bu baxımdan, göstərilən əraziyə də PUA hücumu, yaxud silahlı şəxslərin basqını istisna deyil. ABŞ konkret ünvan göstərib. Görünür ki, həmin muzey-qoruq ərazisində terakt planlaşdırılması barədə kəşfiyyata səhih informasiyalar daxil olub”.
Ramil Məmmədlinin sözlərinə görə, Moskvada 2024-cü ildəki “Krokus Siti Hol” terror aktına bənzər böyük terror hadisəsinin yenidən baş verməsi mümkündür: “Heç bir dövlət, ən supergüc ölkə belə terror təhlükəsindən sığortalanmayıb. Ona görə Moskva indi təhlükəli şəhərlərdən biridir. Demək olmaz ki, Bağdad, Kabul, İslamabad kimi terrorların tez-tez yaşanmış olduğu bir paytaxta çevrilib, lakin münaqişə vəziyyətində olan ölkənin mərkəzi davamlı şəkildə hücumlara məruz qalır. O baxımdan Moskva indi Kiyev qədər təhlükəli şəhərlərdən biridir”.


