Türkiyənin İstanbul şəhərində yağan intensiv yağışlar və güclü fırtına nəqliyyatın fəaliyyətində ciddi problemlərə səbəb olub. Əlverişsiz hava şəraiti səbəbindən 40-dan çox təyyarənin uçuş marşrutu dəyişdirilərək digər şəhərlərin hava limanlarına istiqamətləndirildiyi bildirilir.
Editor.az-ın məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, güclü yağıntılar şəhərdə genişmiqyaslı fəsadlar törədib. Belə ki, 1200-dən çox yaşayış binasını su basıb, müxtəlif ərazilərdə isə 15 torpaq sürüşməsi qeydə alınıb.
Yaranmış vəziyyətlə əlaqədar səlahiyyətli qurumlar əhaliyə xəbərdarlıq ediblər. Sakinlərə və turistlərə zəruri hallar olmadığı təqdirdə evlərini tərk etməmək tövsiyə olunub.
İstanbulda müşahidə edilən əlverişsiz hava şəraiti həm şəhərdaxili hərəkətə, həm də hava nəqliyyatının fəaliyyətinə ciddi təsir göstərib.


