Dünya · Editor.az

İspaniyanın şərqində güclü yağışlar nəticəsində 4 nəfər ölüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniyanın şərqində güclü yağışlar nəticəsində 4 nəfər ölüb xəbəri üçün şəkil

İspaniyanın şərqində güclü yağışlar daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində azı 4 nəfər həyatını itirib, minlərlə insanın xilas edilməsi və təhlükəli ərazilərdən təxliyəsi istiqamətində tədbirlər görülüb.

Valensiya və Kataloniya bölgələri, eləcə də Balear adaları güclü yağışların təsirinə məruz qalıb. Daşqınlar yaşayış evlərini və iş yerlərini su altında qoyub, avtomobillərin yollarda hərəkətini çətinləşdirib.

Editor.az xəbər verir ki, məlumata görə, Kataloniyada iki qadın, Valensiya bölgəsində isə daha iki nəfər həyatını itirib.

Valensiyanın Oliva rayonunda su basmış evin birinci mərtəbəsində köməksiz vəziyyətdə qalan 79 yaşlı qadının meyiti aşkarlanıb. Həmin evdə olan qadının qohumu isə xilas edilib. Daşqından zərər çəkmiş düşərgə ərazisində qalan 64 yaşlı kişinin də infarkt nəticəsində öldüyü bildirilib.

Valensiya üzrə hökumət nümayəndəsi Pilar Bernabe sahilboyu yerləşən La Safor bölgəsinin ciddi şəkildə su altında qaldığını açıqlayıb. Onun sözlərinə görə, bəzi ərazilərdə yağıntının miqdarı hər kvadratmetrə 650 litri ötüb.

Xilasetmə əməliyyatları çərçivəsində helikopterlərdən və qayıqlardan istifadə olunub. İki düşərgədə məskunlaşan təxminən 2 min nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Bundan əlavə, evlərində köməksiz vəziyyətdə qalan 2 mindən çox insanın xilas edildiyi bildirilir. Bəzi yaşayış məntəqələrində suyun səviyyəsinin sürətlə yüksəlməsi səbəbindən sakinlər evlərinin damına çıxaraq yardım gözləməli olublar.

Güclü yağışlar Valensiya və Balear adalarında çoxsaylı ev və iş yerlərinin su altında qalmasına səbəb olub. Təhlükəsizlik tədbirləri çərçivəsində bəzi məktəblərdə dərslər dayandırılıb. Yerli hakimiyyət orqanları sakinləri zərurət olmadıqca evlərini tərk etməməyə və təhlükəsiz ərazilərdə qalmağa çağırıb.

Meteorologiya xidmətinin məlumatına görə, yağışlı havanın axşam saatlarından etibarən bölgəni tərk edəcəyi gözlənilir.

//Gülnarə Abasova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑