Yuxunun keyfiyyəti insanın ömür uzunluğuna birbaşa təsir göstərir.
Editor.az xəbər verir ki, bu barədə rusiyalı alim, genetik Natalya Stefanova məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, orqanizmin bioloji ritmlərinin tənzimlənməsində mühüm rol oynayan melatonin hormonu epifiz vəzi tərəfindən ifraz olunur. Bir çox gen və zülalın fəaliyyəti də sutkalıq ritmlərlə əlaqəlidir.
Stefanova bildirib ki, gecə saatlarında, xüsusilə yuxu zamanı mərkəzi sinir sistemində təmizlənmə prosesləri baş verir, həmçinin DNT-nin bərpası həyata keçirilir. Bu mexanizm hüceyrələrə DNT molekullarında yaranan kimyəvi zədələnmələri və qırılmaları aşkar edərək aradan qaldırmağa imkan verir.
Genetikin fikrincə, orqanizmin normal bərpası üçün tam qaranlıq mühitdə yatmaq xüsusi əhəmiyyət daşıyır. Buna görə də yatmazdan əvvəl mobil telefonlardan və digər işıq mənbələrindən istifadəni məhdudlaşdırmaq tövsiyə olunur.
Qeyd edək ki, daha əvvəl mama-ginekoloq Aynurə Məmmədova xroniki stressin və yuxu pozuntularının qadınların menstrual dövrünə və ümumi sağlamlıq vəziyyətinə təsir göstərə biləcəyini bildirib.
Bununla belə, mütəxəssis vurğulayıb ki, həmin amillərin yumurta hüceyrələrinin birbaşa tükənməsinə səbəb olduğunu və 36 yaşında menopauzanın müstəqil, elmi cəhətdən sübut edilmiş səbəbi sayıldığını demək olmaz. Həkimin sözlərinə görə, həyat tərzi amilləri arasında menopauza ilə əlaqəsi ən inandırıcı şəkildə təsdiqlənən amil siqaret çəkməkdir.
//Gülnarə Abasova, Editor.az





