Dünya · Editor.az

Bolqarıstandan Rusiyaya qarşı ciddi iddia: Gəmilərə hücumun arxasında Moskva dayanır?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bolqarıstandan Rusiyaya qarşı ciddi iddia: Gəmilərə hücumun arxasında Moskva dayanır? xəbəri üçün şəkil

Bolqarıstan Qara dənizdə son bir həftə ərzində dörd gəmiyə edilən dron hücumlarının arxasında Rusiyanın dayana biləcəyini açıqlayıb. Hücumlar nəticəsində iki gəmi batıb, 11 nəfər itkin düşüb. Lakin rəsmi Sofiya Moskvanın hadisələrə görə məsuliyyət daşıdığını sübut edə bilmədiyini bildirir.

Editor.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bolqarıstanın Baş naziri Rumen Radev parlamentdə çıxışı zamanı bildirib ki, hücumların nəticələri Rusiyanın maraqlarına uyğundur. Onun sözlərinə görə, Ukraynanın öz gəmilərini və ekipaj üzvlərini hədəfə alması məntiqli görünmür.

Hadisələrdən sonra Rusiya səfiri Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfir Rusiya Müdafiə Nazirliyindən bununla bağlı məlumatının olmadığını deyib və hücumların üçüncü tərəfin təxribatı ola biləcəyini istisna etməyib.

Hücumlara məruz qalan gəmilərdən biri Qvineya-Bisau bayrağı altında üzən “Dignity”, digəri isə Ukraynaya məxsus “Chelsea-3” olub. “Dignity” gəmisinin batması nəticəsində dörd dənizçi xilas edilib. Onların üçü Suriya, biri isə Misir vətəndaşıdır. Daha bir dənizçinin limana çatdırılması gözlənilir.

Hazırda itkin düşən 11 nəfərin axtarışı davam edir.

Bolqarıstan ticarət gəmilərinə hücumların araşdırılması üçün beynəlxalq yardım istəyib, həmçinin NATO-dan dron təhlükəsinə qarşı müşahidə və müdafiə imkanlarının gücləndirilməsini xahiş edib.

Bolqarıstan Prezidenti İliyana Yotova isə Qara dənizdə hərbi əməliyyatların dayandırılmasına və mülki infrastruktura qarşı dron hücumlarına moratorium tətbiq edilməsinə çağırıb. O, hadisələrin müharibənin Qara dənizdə daha da genişləndiyini göstərdiyini vurğulayıb.

\\ Aydan Bünyatova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑