İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin Azərbaycan və digər qonşu dövlətlərə münasibəti barədə diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Cavad Zərif İranın mövcud düşüncə tərzini tənqid edərək bu yanaşmanın dəyişdirilməsinin vacibliyini vurğulayıb.
“Biz Azərbaycana təhlükə prizmasından baxırıq. Ermənistana da eyni cür yanaşırıq, hərçənd daha az dərəcədə. Tacikistan, Türkmənistan – onların hamısında təhlükə görürük.
Ümumiyyətlə, biz hər şeyi təhlükə kimi qəbul edirik. Hicabı müdafiə səngəri kimi görürük. Sosial məsələ necə hərbi məsələyə çevrilir? Çünki biz onda təhlükə görürük.
Bu vəziyyətdən çıxmaq üçün düşüncə tərzimizi dəyişməliyik. Təhlükələrə əsaslanan yanaşmadan imkanlara əsaslanan yanaşmaya keçməliyik”, – deyə İranın sabiq xarici işlər naziri bildirib.
Zərifin sözlərindən aydın olur ki, onun tənqidi yalnız xarici siyasətlə məhdudlaşmır. Sabiq nazir ölkə daxilindəki sosial məsələlərin də təhlükəsizlik prizmasından qiymətləndirilməsini problem hesab edir.
O, İranın mövcud yanaşmasını dəyişərək qonşu ölkələrlə münasibətlərdə təhlükələrdən daha çox əməkdaşlıq imkanlarına diqqət yetirməsinin zəruriliyini vurğulayıb.



