ABŞ Hərbi Hava Qüvvələri İsrail hava bazalarına ən azı 47 tanker təyyarəsi yerləşdirib ki, bunlar İrana qarşı zərbələr zamanı strateji və taktiki hava əməliyyatlarını dəstəkləmək üçün istifadə edilə bilər.
“Report” Britaniyanın “Military Air Tracking Alliance” (MATA) aviasiya resursunun məlumatlarına istinadən xəbər verir ki, bu barədə peyk görüntülərindən əldə olunan məlumatlarda bildirilir.
Görüntülərə əsasən, hazırda Negev səhrasındakı Ramon aviabazasında ABŞ-yə məxsus 25 yanacaqdolduran təyyarə, İsrailin cənubundakı Ovda (Uvda) aviabazasında isə dörd belə təyyarə yerləşdirilib. Daha 18 təyyarə Təl-Əvivdəki Ben-Qurion hava limanındadır.
Bundan əvvəl “The Times of Israel” qəzeti ötən həftə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 10-dan çox hərbi-nəqliyyat təyyarəsinin İsraildəki aviabazalara eniş etdiyini yazıb.
Bu uçuşların əksəriyyəti Texas ştatının El-Paso şəhərində yerləşən Biqqs hərbi aerodromundan həyata keçirilib. Burada “Patriot” zenit-raket kompleksləri və THAAD raketdən müdafiə sistemləri ilə təchiz edilmiş ABŞ Ordusunun 69-cu Hava Hücumundan Müdafiə Artilleriya Briqadası yerləşir. Təyyarələrin təyinat məntəqələri İsrailin Nevatim və Ovda aviabazaları olub.
Son günlər ABŞ hərbi təyyarələri ilə Yaxın Şərqdəki digər Amerika bazalarına, o cümlədən İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Küveytdəki bazalara da bir sıra yük reysləri həyata keçirilib.
Nəşrin qeyd etdiyinə görə, daşınan yüklərin məzmunu məlum deyil. Bununla belə, onların ABŞ-ın İranla qarşıdurmanın yeni mərhələsi ehtimalı fonunda regionda hava hücumundan müdafiə imkanlarını gücləndirmək tədbirləri ilə əlaqəli olduğu güman edilir.




