Çində iki ailə arasında torpaq sahələrinin sərhədləri ilə bağlı iki əsr davam edən mübahisə məhkəmənin müdaxiləsi ilə həllini tapıb.
Editor.az “South China Morning Post” nəşrinin məlumatına istinadla xəbər verir ki, Sian şəhərində məhkəmə Du və Can ailələri arasında uzun illərdir davam edən mübahisəyə son qoyub.
Mübahisə ailələrin evləri arasındakı sərhədlə bağlı olub. Du ailəsi mətbəxi təmir etmək və divarı hündürləşdirmək istədikdə qonşuları buna etiraz ediblər. Can ailəsi görüləcək işlərin günəş işığının qarşısını alacağını və suyun axıdılmasında problemlər yaradacağını bildirib. Tərəflər arasında mübahisələr zaman-zaman qarşıdurmalara çevrilib.
Polis və kənd komitəsi ailələri dəfələrlə barışdırmağa çalışsa da, cəhdlər nəticəsiz qalıb.
Barışıq cəhdlərinin birində Can ailəsi gözlənilməz bir sənəd təqdim edib. Sənədin üzərində imperator Tsyanlunun hakimiyyətinin 46-cı ilinə aid torpaq müqaviləsi olduğu məlum olub. Saralmış kağız üzərindəki əlyazmada ailələr arasındakı sərhədin həyətlərindəki xurma ağacı ilə müəyyənləşdirildiyi qeyd edilib.
Beləliklə, mübahisənin 200 ildən artıq tarixə malik olduğu üzə çıxıb. Bu müddət ərzində hər iki ailənin müxtəlif nəsilləri torpaq sərhədləri ilə bağlı dəfələrlə münaqişə yaşayıblar. Qarşıdurmalar hətta 1949-cu ildə Çin Xalq Respublikası qurulduqdan qısa müddət sonra da davam edib.
Məhkəmə isə sərhədlərin müəyyənləşdirilməsi zamanı yalnız qədim sənədə əsaslanmayıb. Ərazi üzrə ölçmələr aparılıb və hər iki ailənin razılığını qazanan təmir planı hazırlanıb.
Nəticədə, nəsillər boyu davam edən mübahisənin həlli üçün ortaq razılaşma əldə olunub.
//Gülnarə Abasova, Editor.az





