Xaçmaz rayonunda bir müddətdir təbiətə, bitki aləminə, meşə və ağac fonduna ciddi ziyan vuran mərmər bağacığının sayı son günlər yenidən artıb. Vəziyyət artıq kritik həddə çatıb.
Zərərvericilər Xaçmazın Nabran və Yalama zonalarındakı yaşayış məntəqələrində kütləvi şəkildə yayılıb. Meyvəçiliyə çiçəkləmə dövründən ziyan vuran həşəratlar qeyd olunan ərazilərdə evlərlə yanaşı, məktəbləri də basıb. Bu hal rayonun İstisu qəsəbəsində, Köhnə Xudat və Palıdlı kəndlərindəki məktəblərdə də müşahidə olunur. Vəziyyət şagirdlər arasında narahatlıq doğurur.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz Təhsil sektorundan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, mərmər bağacığının yayıldığı məktəblərdə dezinfeksiya işləri aparılıb və proses davam etdirilir.
Qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin əməkdaşlıq etdiyi şirkət tərəfindən oktyabrın 2-dən bu günədək Xaçmaz rayonunda kiçik böcəklərə, gəmiricilərə və digər həşəratlara, o cümlədən mərmər bağacığına qarşı mübarizə məqsədilə ümumilikdə 63 məktəbdə və 4 uşaq bağçasında dezinfeksiya işləri aparılıb.
Mərmər bağacığı evlərə də kütləvi şəkildə dolub.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin Xaçmaz rayon şöbəsinin rəisi Əkbər Ceyranovla da əlaqə saxladıq.
Ə. Ceyranov saytımıza açıqlamasında vəziyyətin həqiqətən kritik olduğunu təsdiqləyib. O bildirib ki, mərmər bağacığına qarşı mübarizə tədbirləri intensiv və genişmiqyaslı şəkildə aparılır.
İmkan olan ərazilərdə kimyəvi, əhalinin olduğu yerlərdə isə mexaniki mübarizə üsullarından istifadə edilir.
Onun sözlərinə görə, Xaçmazda zərərvericilərin yayıldığı 5 məktəbdə dərslər başa çatdıqdan sonra dezinfeksiya işləri aparılıb.
Yeri gəlmişkən, Xaçmaz Rayon İcra Hakimiyyətində mərmər bağacığının kütləvi yayılmasına qarşı mübarizə tədbirlərinə həsr olunmuş təcili müşavirə də keçirilib. Müşavirədə rayon rəhbərliyi tərəfindən yerli icra nümayəndəliklərinə, bələdiyyə sədrlərinə və aidiyyəti qurumların nümayəndələrinə ciddi tapşırıqlar verilib, mübarizə tədbirlərinin daha da gücləndirilməsi tələb olunub.
Qeyd edək ki, bir müddətdir Azərbaycanın sərhədyanı rayonlarında geniş yayılan mərmər bağacığının ölkəyə şimaldan, Rusiyadan, Balakən-Zaqatala bölgəsinə isə Gürcüstandan keçdiyi bildirilir. Zərərvericilər şimal bölgəsinin Qusar və Quba rayonlarında da yayılıb.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu






