“Bu gün sosial məkanda bilik kirliliyinin ən çox olduğu yer dini sahədir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfransda panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, burada həddindən artıq çox yanlış, düzgün olmayan məlumatlar var.
"Uşaqlarda tənqidi düşüncəni formalaşdırmaq lazımdır ki, onlar doğru ilə yanlışı anlaya bilsinlər. Əxlaqi dəyərlərlə bağlı ilk mənbə ailədir. Sadəcə deməklə maarifləndirmə olmur. Bunu həm də tətbiq etmək lazımdır. Uşağın ailədə gördüyü ilk model ata və anadır".
Rektor bildirib ki, ənənəvi ailə modeli artıq transformasiyaya uğrayıb:
"Statistikalar bunu göstərir. Bu gün biz nüvə ailə deyilən modelə keçmişik. Əvvəllər ailədə uşaqların tərbiyəsi daha dar bir mühitdə formalaşırdı. Texnoloji tərəqqi dövründə balaca uşaq artıq əlində telefon süni intellektə sual verir. Əvvəllər ata-ana uşağa nəyisə etməyi və ya etməməyi deyirdi. İndi isə uşağın məlumat və informasiya əldə etmək üçün fərqli yolları var".
O, həmçinin əlavə edib ki, mühafizəkar, dindar ailələrlə bağlı araşdırmalar var və nəticələrə görə, həmin ailələrdə böyüyən, ailəsinin dəyərlərini qəbul etməyən uşaqlar da çıxır:
"Başqa bir maraqlı araşdırma isə tənqidi düşüncənin əhəmiyyəti ilə bağlıdır. Niderlandlı uşaqlar üzərində aparılan bir araşdırmaya görə isə uşaqlar erkən dövrlərdən tənqidi düşüncə ilə yetişdirildikdə süni intellektə də tənqidi yanaşa bilir, onun dediyi hər şeyi doğru kimi qəbul etmirlər".
Fəridə, Bizim.Media
Rektor: “Sosial şəbəkələrdə ən çox yanlış məlumat dinlə bağlıdır”

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





