Rusiyanın İrkutsk vilayətində naməlum mənşəli pnevmaniya halı ilə əlaqədar tətbiq edilmiş karantini ləğv edilib.
Bizim.Media xəbər verir ki, vilayətin qubernator İqor Kobzev bütün profilaktik tədbirlərin başa çatdığını və müəssisələrin normal rejimdə fəaliyyət göstərdiyini açıqlayıb.
Həkimlər İrkutsk Taun Əleyhinə İnstitutunun yoluxmuş əməkdaşı ilə təmasda olan bütün şəxslərin tibbi müşahidəsini başa çatdırıblar.
Mütəxəssislər beş minə yaxın laboratoriya müayinəsi aparıb və heç bir təhlükəli patogen mikroorqanizm aşkar etməyiblər.
Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilmişdi.
Oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 28 yaşlı laborantı Darya Şipilova vəfat edib.
Mətbuatda yayılmış qeyri-rəsmi məlumatlara görə, Şipilova iş yerində yoluxduğu ağciyər taunundan vəfat edib. İddialara görə, o, sentyabrın 25-də ağciyər taunu törədicisi olan sınaq şüşəsini qırıb. Bundan qısa müddət sonra o, özünü pis hiss edib və ardınca Şelexov rayon xəstəxanasına yerləşdirilib. Orada üç gün qalsa da, həyatını xilas etmək mümkün olmayıb.
Nuranə, Bizim.Media






