Region · Bizim.Media

Paşinyandan Rusiyaya qarşı gözlənilməz HƏMLƏ – İrəvan-Moskva gərginliyi yenidən ALOVLANIR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyandan Rusiyaya qarşı gözlənilməz HƏMLƏ – İrəvan-Moskva gərginliyi yenidən ALOVLANIR xəbəri üçün şəkil

Ermənistan hakimiyyəti ölkənin dəmir yollarının idarə olunması üzrə Rusiya ilə mövcud konsessiya müqaviləsinə xitam verilməsi imkanını açıq şəkildə gündəmə gətirib.

Baş nazir Nikol Paşinyan jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırarkən hökumətin bunun üçün həm hüquqi alətlərə, həm də əsaslara malik olduğunu bildirib.

Jurnalistin İrəvanın bu məsələyə baxması üçün son müddətin nə vaxt olduğu barədə sualına Paşinyan belə cavab verib:

“Biz ultimatum dilində danışmayacağıq. Son müddət ultimatum dilidir və beynəlxalq münasibətlərdə bu dildə danışılmır”.

Paşinyan bildirib ki, Ermənistan hökumətinin Rusiya tərəfinin ölkənin dəmir yollarının idarə olunmasındakı konsessiyasına xitam vermək üçün konkret mexanizmi var.

“Hökumətin konsessiya müqaviləsini ləğv etmək üçün aləti və hətta əsaslandırması var”, – Paşinyan deyib.

O, söhbətin hansı əsaslandırmadan getdiyini açıqlamayıb. Ermənistanın baş naziri bildirib ki, zamanı çatanda bu barədə danışılacaq. Onun sözlərinə görə, məsələ hüquqi əsasdan daha çox siyasi qərarla bağlıdır.

Ermənistandakı dəmir yolları kimindir?

Ermənistanın dəmir yollarının Rusiya tərəfindən idarə olunmasına yenidən baxılması təşəbbüsü son aylarda ölkənin nəqliyyat siyasətində mühüm məsələlərdən birinə çevrilib.
 

Söhbət dəmir yollarının idarəçiliyinin Rusiyadan geri alınmasından gedir. Nəzərə alaq ki, dəmir yolları infrastrukturu Ermənistanın mülkiyyətindədir. Amma 2008-ci ildən onun idarə olunması 30 illik konsessiya əsasında Rusiyanın “Rusiya Dəmir Yolları” şirkətinin 100 faizlik törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolu”na verilib. Həmin müddət 2038-ci ildə başa çatır. O vaxtkı razılaşmaya görə müqavilənin  əlavə 10 illik uzatma imkanı da var.


Görünən odur ki, Ermənistan hökuməti nəinki müqaviləni daha 10 il uzatmaq istəmir, hətta 10 il qabaq razılaşmanı pozmaq istəyir. Səbəbsə regional nəqliyyat xəritəsinin dəyişməsidir.

Baş nazir Nikol Paşinyan hələ 2026-cı ilin əvvəllərində açıq şəkildə bildirmişdi ki, Rusiya tərəfindən idarə olunan dəmir yolu infrastrukturu Qərb şirkətləri və beynəlxalq yükdaşıyıcıları üçün sanksiyalar baxımından risk kimi qəbul edilir. Onun fikrincə, bu vəziyyət Ermənistan ərazisindən keçəcək yeni beynəlxalq marşrutların rəqabət qabiliyyətini azalda bilər.

Əslində burada iki vacib məqam var.

Birincisi, Ermənistanın regionda açılan yeni nəqliyyat imkanlarından daha çox gəlir əldə etmək istəyir.

İkinci məqamsa TRIPP layihəsidir. Məlum olduğu kimi 8 avqust 2025-ci ildə əldə olunan Vaşinqton razılaşmalarına əsasən, bu layihə ən yaxın zamanda reallaşdırılmalıdır. Layihənin moderatoru isə ABŞ-dır. Hətta Vaşinqton bu dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin yenidən qurulması üçün 500 milyon dollar maliyyə ayırıb. Hazırda tikinti işlərinin layihələndirilməsi aparılır.
 

Təbii ki, Ağ Evdəkilər onların vəsaiti ilə tikilən dəmir yollarının Rusiyanın hansısa şirkəti tərəfindən idarə olunmasına qətiyyən razılaşmayacaq. Yəqin ki, bu məsələ Paşinyanın diqqətinə çatdırılıb.


Məhz bu məsuliyyətin ağırlığından Paşinyan Rusiya tərəfə ilk mesajlarını göndərir, vəziyyəti izah etməyə çalışır.

Hazırda Ermənistanın qarşısında iki hədəf dayanır. Birincisi, Ermənistan ərazisindən keçən 45 kilometrlik marşrut və Türkiyə ilə Naxçıvanı birləşdirəcək Qars–Dilucu dəmir yolunun tezliklə inşası.

Digər məqsəd isə Rusiyanı maksimum “ağrısız” şəkildə proseslərdən kənarda saxlamaqdır.

Əslində Rusiyanın dəmir yolu idarəçiliyindən uzaqlaşdırılması təkcə Ermənistan–Rusiya münasibətləri məsələsi deyil. Bu, Azərbaycan, Naxçıvan, Türkiyə və Cənubi Qafqazın yeni nəqliyyat arxitekturası ilə birbaşa bağlıdır.

Ermənistan hazırda konsessiyanı birtərəfli şəkildə ləğv etdiyini hələ ki, elan etməyib. Əksinə, Paşinyan Rusiya ilə danışıqların davam etdiyini və məsələnin dostcasına həll edilməsinin tərəfdarı olduğunu bildirib.

Rəsmi İrəvanın təkliflərindən biri konsessiyanın Rusiya şirkətindən həm Ermənistan, həm də Rusiya üçün məqbul olan üçüncü ölkəyə verilməsidir. Bu yanaşmanın arxasında məqsəd həm Ermənistanın nəqliyyat sisteminə daha çox nəzarət əldə etməsi, həm də Moskva ilə açıq hüquqi-siyasi qarşıdurmadan qaçmaqdır.

Rusiya niyə buna ehtiyatla yanaşır?

Moskvanın mövqeyi bundan ibarətdir ki, məsələ hələ formal şəkildə həll edilməyib və konsessiyanın başqa tərəfə verilməsi ilə bağlı rəsmi müraciət olmayıb. Bu ilin avqustunda Rusiya Xarici İşlər Nazirliyi Qərbin Ermənistan rəhbərliyinə təzyiq göstərdiyini iddia edib və “Rusiya faktorunun” nəqliyyat sektorundan çıxarılmasının investisiyalarla əlaqələndirildiyini bildirib. Bu, Moskvanın məsələyə sadəcə kommersiya konsessiyası kimi baxmadığını göstərir.

Sentyabrda isə Rusiya baş nazirinin müavini Aleksey Overçuk sentyabrda danışıqların davam etdiyini, lakin məsələnin dərin şəkildə müzakirə olunmadığını bildirib.

Burada Ermənistan üçün ciddi bir paradoks da yaranır.
 

Rəsmi İrəvan bir tərəfdən Rusiyanın dəmir yolu idarəçiliyindən çıxmağa çalışır. Digər tərəfdən isə həmin dəmir yolu infrastrukturu ilə Rusiya, Mərkəzi Asiya və daha geniş Avrasiya məkanına çıxış imkanları istəyir.


Ona görə də söhbət Ermənistanın dəmir yolu sisteminin hansı beynəlxalq nəqliyyat şəbəkəsinə və hansı idarəetmə modelinə inteqrasiya olunacağından gedir.

Bu baxımdan 2026-cı ildə başlayan proses daha geniş transformasiyanın bir hissəsi kimi görünür. Ermənistan artıq 2038-ci ilə qədər qüvvədə olan mövcud konsessiya modelinin dəyişdirilməsini istəyir, Rusiya isə mövcud hüquqi çərçivənin qorunmasına üstünlük verir.

Hələ ki, tərəflər arasında yekun razılaşma yoxdur.

Amma reallıq ondan ibarətdir ki, Ermənistanın dəmir yollarının idarəçiliyinə yenidən baxması Cənubi Qafqazda nəqliyyat dəhlizləri uğrunda gedən daha geniş prosesin tərkib hissəsidir.

Lakin bu prosesdə dəmir yolunu kimin idarə etməsindən daha çox, bu xəttin hansı marşrutlarla birləşəcəyi və regiondakı yük axınlarının hansı istiqamətə yönələcəyi həlledici məqam olacaq.

Surxay Atakişiyev, Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑