ABŞ-nin müdafiə naziri Pit Heqset 2009-cu ildə Texasda Fort-Hud bazasında kütləvi atəş açan keçmiş hərbi psixiatr Nidal Həsənin edamının ictimai şəkildə keçiriləcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Pentaqon rəhbəri bu barədə "Real America's Voice"a müsahibəsində bildirib.
"Onu güllələyəcəklər və bu belə də olmalıdır. Biz insanların bunu görə bilməsini, edamın ictimai olmasını təmin edəcəyik. İnsanlar bu cür hərəkətlərin ciddi nəticələrə səbəb olduğunu başa düşməlidirlər", - Heqset bildirib.
Məlumat üçün bildirək ki, ABŞ qanunvericiliyinə əsasən, hərbçilər barəsində çıxarılan hər bir ölüm hökmü mütləq ölkə prezidenti tərəfindən təsdiqlənməlidir.
Əgər qərar icra olunarsa, bu, 1961-ci ildən bəri ABŞ hərbçisinin ilk edamı, həmçinin 1945-ci ildən bəri bir hərbçinin güllələnməsi ilə bağlı ilk hal olacaq.
Xatırladaq ki, fələstin mənşəli ABŞ vətəndaşı, mayor Nidal Həsən 5 noyabr 2009-cu ildə "Təkbir" gətirərək tibbi müayinədən keçmək üçün toplaşan silahsız xidmət yoldaşlarına atəş açıb. Polisin cavab atəşi nəticəsində iflic olan Həsən addımını Əfqanıstandakı müsəlmanları amerikalı əsgərlərdən qorumaq istəyi ilə izah etmişdi. 2013-cü ildə hərbi tribunal cinayətin "Əl-Qaidə" terror şəbəkəsinin ideologiyasından təsirlənərək törədildiyini sübuta yetirib və ona yekdilliklə ölüm hökmü çıxarıb.
Bizim.Media






