Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev bildirib ki, Vaşinqton böyük neft ehtiyatlarına malik Venesuelaya nəzarəti ələ keçirmək istəyib.
Bizim.Media xəbər verir ki, bu fikri TASS-a müsahibəsində səsləndirən senator qeyd edib ki, ABŞ Venesuela prezidenti Nikolas Maduronu beynəlxalq münasibətlərdə hər hansı cinayət hadisəsi ilə bağlı vəziyyəti nizama salmaq məqsədilə deyil, ölkəyə nəzarəti ələ keçirmək üçün qaçırıb.
“Xatırladım ki, Venesuela dünyada ən böyük neft ehtiyatlarına malikdir – birinci yerdədir. Aydındır ki, bu, çox cəlbedici məsələdir”, – deyə Kosaçev bildirib.
Yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi obyektlərə hücum edib, ölkə prezidenti Nikolas Maduronu həyat yoldaşı Siliya Floreslə birlikdə ələ keçirərək ölkədən çıxarıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub Dairəsi üzrə federal məhkəməsi qarşısına çıxarılıblar.
Onlara narkotik ticarətində iştirak ittihamı irəli sürülüb. Maduro və həyat yoldaşı ittihamları qəbul etməyiblər.
Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini Maduronun dövründə respublikanın icraçı vitse-prezidenti vəzifəsini tutmuş səlahiyyətli prezident Delsi Rodriges icra edir.
Bizim.Media




