Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ölkədə dövlətçiliyi daxildən dağıtmağa hazır olan şəxslərin cinayətə cəlb edilməsi istiqamətində fəal iş aparıldığını deyib.
Bizim.Media xəbər verir ki, Şoyqu bu barədə “Rusiya xalqları” beynəlxalq həftəsinin açılışında çıxış edərkən danışıb.
“Hazırda Rusiyanın dövlətçiliyinin daxildən məhv edilməsinə dəstək verməyə hazır olan şəxslərin fəal şəkildə axtarılması və cinayətə cəlb edilməsi prosesi gedir”, – deyə o bildirib.
Şoyqu Rusiyanın mövcudluğu və inkişafının uzun müddət bəzi avropalı siyasətçilərin narazılığına səbəb olduğunu söyləyib. O, ölkənin ərazilərini ələ keçirmək, təbii sərvətlərinə nəzarət etmək və xalqlarını tabe etmək cəhdlərinin dəfələrlə baş verdiyini iddia edib.
Təhlükəsizlik Şurasının katibi deyib ki, bu məqsədlərə hərbi yolla nail olmaq Rusiyanın rəqiblərinə heç vaxt müyəssər olmayıb.
Onun sözlərinə görə, tarixən ölkə xalqları xarici təcavüzə qarşı mübarizə aparmaq üçün birləşiblər.
Bizim.Media

