Azərbaycanda peşə, elmi və texniki fəaliyyət sahəsində çalışan qadın və kişilərin əməkhaqları arasında ciddi fərq qeydə alınıb. Bu sahədə qadınların orta maaşı kişilərin əməkhaqqının təxminən yarısı qədərdir.
Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ildə peşə, elmi və texniki fəaliyyət sahəsində çalışan qadınların orta aylıq nominal əməkhaqqı 1 224,3 manat, kişilərin isə 2 349 manat təşkil edib. Beləliklə, kişilərin orta maaşı qadınlardan 1 124,7 manat yüksək olub.
Qadınların əməkhaqqının kişilərin əməkhaqqına nisbəti cəmi 52,1 faiz təşkil edib. Başqa sözlə, qadınların orta maaşı kişilərin orta maaşından 47,9 faiz azdır.
İnformasiya və rabitə sektorunda da fərq müşahidə olunub. Bu sahədə qadınların orta aylıq əməkhaqqı 1 580,3 manat, kişilərin isə 2 008,6 manat təşkil edib. Nəticədə orta maaş fərqi 428,3 manat olub.
Emal sənayesində isə qadınlar orta hesabla 675,8 manat, kişilər 1 130,1 manat əməkhaqqı alıblar. Bu sahədə qadınların əməkhaqqı kişilərin göstəricisinin 59,8 faizinə bərabər olub.
Rəqəmlər göstərir ki, ölkədə əməkhaqqı fərqlərinin miqyası iqtisadi fəaliyyət sahələrindən asılı olaraq ciddi dəyişir. Bununla belə, bu göstəricilər işçilərin vəzifə, ixtisas və iş stajına görə bölgüsünü ayrıca nəzərə almır.


