Azərbaycanda qadın və kişilərin əməkhaqları arasındakı ən böyük fərqlərdən biri maliyyə və sığorta sektorunda müşahidə olunur. Bu sahədə kişilərin orta aylıq əməkhaqqı qadınların göstəricisindən təxminən 1,7 dəfə yüksəkdir.
Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ildə maliyyə və sığorta fəaliyyəti sahəsində çalışan kişilərin orta aylıq nominal əməkhaqqı 3 437,8 manat, qadınların isə 2 016,8 manat təşkil edib. Beləliklə, sektor üzrə orta maaş fərqi 1 421 manata çatıb.
Qadınların orta aylıq əməkhaqqı kişilərin əməkhaqqının 58,7 faizinə bərabər olub. Bu isə qadınların sektordakı orta maaşının kişilərlə müqayisədə 41,3 faiz aşağı olduğunu göstərir.
Dövlət və qeyri-dövlət müəssisələri arasında da fərqli göstəricilər qeydə alınıb. Dövlət sektorunda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan qadınların orta maaşı 2 813,6 manat, kişilərin isə 4 503,8 manat olub. Özəl sektorda qadınlar orta hesabla 1 826,2 manat, kişilər isə 3 197,8 manat əməkhaqqı alıblar.
Maraqlıdır ki, maliyyə və sığorta sahəsində muzdla çalışanların 39 faizini qadınlar, 61 faizini isə kişilər təşkil edir. Beləliklə, sektor həm məşğulluğun, həm də orta əməkhaqqının strukturunda kişilərin üstünlüyü ilə fərqlənir.


