İstanbulda dünən günorta saatlarından başlayan aramsız və şiddətli leysan yağışları həyatı iflic edib. Şəhərin bir çox hissəsində küçə və prospektlər gölməçəyə çevrilib, sel suları nəqliyyatın və piyadaların hərəkətində ciddi çətinliklər yaradıb.
BAKU.WS xəbər verir ki, təbii fəlakətdən ən çox zərər çəkən ərazilərdən biri Sarıyer rayonunun Ayazağa məhəlləsi olub.
Xilasetmə və kommunal xidmət briqadalarının gecə boyunca apardığı gərgin işlərdən sonra səhərə yaxın suyun səviyyəsi çəkilib.
Hava işıqlandıqca selin törətdiyi dəhşətli dağıntılar dron çəkilişləri ilə aydın şəkildə üzə çıxıb.
Görüntülərdə güclü axının qarşısına qatan onlarca nəqliyyat vasitəsinin aşaraq istifadəyə yararsız hala düşdüyü görünür.
Hadisə şahidlərindən biri, Fatih Kılıç meşəlik ərazidən gələn güclü sel sularının dərə yatağından daşdığını bildirib:
"Şiddətli yağışa görə dərə axını qaldıra bilmədi. Küçədə nə vardısa yuyub apardı. 50-dən çox avtomobil tərsinə çevrilib. Evlərində köməksiz vəziyyətdə qalan insanlar var".
Selin fəsadları ilə üz-üzə qalan digər sakin Tugay Kömürcü isə acınacaqlı vəziyyətdə olduqlarını vurğulayıb:
"İşıqlarımız kəsilib, uşaqlarımızla birlikdə soyuqda qalmışıq. Problem təcili olaraq həll edilməlidir."
Ərazidə təmizləmə və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.


