Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyəti “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Bakupost" Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrlik etdiyi prosesdə İslam Yusifov zərərçəkmiş Gündüz Soltanzadənin epizodu üzrə ifadə verib.
İslam Yusifovun sözlərinə görə, zərərçəkmişlə yaxın münasibətləri olub, onların arasındakı məsələ mülki xarakterli daşıyb.
Qeyd edib ki, Gündüz Soltanzadə pulu ona faizə verib. Daha sonra zərərçəkmiş 308 min manat ziyan çəkməsi ilə bağlı ərizə yazıb:
"Əvvəlki ərizələrində 200 min göstərib, iki ildən sonra yadına düşüb ki, ziyanın məbləğio 308 min manatmış. Mən onun pulunu qaytarmışam".
İslam Yusifov iddia edib ki, malı da var, mülkü də, məhkəmənin sonunda bütün zərərçəkmişlərin pulunu ödəyəcək. Yalnız Gündüz Soltanzadənin pulunu ödəməyəcəyini deyib.
Gündüz Soltanzadə isə İslam Yusifovu yalan danışmaqda ittiham edib. Onun sözlərinə görə, təqsirləndirilən şəxsə borca pul verib:
"Əvvəl 200 min manat vermişdim, geri qaytardı. Daha sonra şirkəti ziyana düşdü. Biz görüşdük, atası da yanımızda idi. İslam dedi ki, tender götürmək istəyir, pul lazımdır. Mən də 300 min dollardan çox pulu ona verdim. Bu məbləğin hamısı mənim deyil. Borc götürərək vermişdim. 4 ildə mənə 10 manat ödəniş etməyib. Mənə dəymiş ziyan çoxdur. Amma 308 min dolları istəyirəm. Bu ziyanı sübut edən səs yazıları var, istintaqa təqdim etmişəm".
İslam Yusifov bildirib ki, zərərçəkmiş Kənan Əsgərov onun evini almağa gəlib, həm evi, həm də maşının satılması üçün 55 min manat beh verib, sonradan evinin üstünə həbs qoyulub, evi satıb pulunu qaytara bilməyib.
Zərərçəkmiş Kənan Əsgərov ifadəsində bildirib ki, satılması təşkil olunan ev İslam Yusifovun yox, başqasına məxsus olub. Zərərçəkmiş ona 275 min manat ziyan dəydiyini, İslam Yusifovdan şikayətçi olduğunu bildirib.
Digər zərərçəkmiş Rəşad Qasımov ifadəsində deyib ki, İslam Yusifovu İlham Abbasov vasitəsilə tanıyıb: "Obyekt alırdım, ona 10 min manat beh verdim. Sonra hissə-hissə olmaqla ödəmiş etdim. Dedi ki, şadlıq evi var, onu satıb pulumu verəcək. Mənə 55 min manat ziyan dəyib. 15 min manat qaytarılıb, 40 min manatı tələb edirəm".
Növbəti proses dekabrın 9-da davam edəcək.
İttihama görə, İslam Yusifov 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib, Xəzər Rayon Məhkəməsinin 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb. Məhkumluğunu ödəməməsinə baxmayaraq o, yenidən dələduzluq edib. İlk cinayəti oğlu həbsxanada olan Afət Hüseynovaya qarşı törədib. Ananın 13 il azadlıqdan məhrum olunmuş oğlu Kamran Nəcəfovun həbsdən azad ediləcəyi adı ilə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, ümumilikdə 70 min dollarını ələ keçirib.
Bundan başqa, Elm və Təhsil Nazirliyinin orta məktəb tikintisinə elan etdiyi tenderdə qalib gələcəyi vədi ilə tanışı Gündüz Soltanovun 308 min dollarını alıb.
İstintaq sənədlərinə görə, İslam Yusifov və dostu İlham Abbasov birlikdə zərərçəkmiş Rafiq Həsənovun oğlu Həsən Həsənovu Prezident Adminstrasiyasında hüquq şöbəsinə işə düzəldəcəcəyinə dair yalan vəd verib, ondan 360 min manat alıblar.
İslam Yusifov Kanan Əsgərova onun iki avtomobil və torpaq sahəsini satacağı barədə yalan vəd verib, 275 min manatını ələ keçirib. Daha sonra digər zərərçəkmiş Hüseyn Qurbanova Dubay şəhərindən "Ayfon" mobil telefonlar gətirəcəyini söyləyib və ondan aldığı 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.
Bunlardan əlavə, o, Rəşad Qasımova məxsus qeyri-yaşayış sahəsini satacağı ilə bağlı ona yalan vəd verib, 55 min manatını, Rauf Məmmədova məxsus evi satacağı adıyla aldadaraq 75 min manatını ələ keçirib.
İstintaq orqanı tərəfindən İslam Yusifova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək), İlham Abbasova isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, hər iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifovun barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Əldə etdiyimiz məlumata görə, İslam Yusifov ümumilikdə 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir. İlham Abbasov isə yalnız bir epizodun törədilməsində onunla iştirak edib.
İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.
İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərliyi ilə mühakiməsi aparılan dəstə üzvləri ilə birlikdə mühakimə edilib.
Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Zal Yusifov cəzasının sonu ilə azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib.
Bu günə kimi o, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etmir.



