Cəmiyyət · Bakupost.az

Şeyx Əbdül gileyləndi: "Ömrüm kinoda keçib, övladlarım, nəvəm işsizdir"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şeyx Əbdül gileyləndi: "Ömrüm kinoda keçib, övladlarım, nəvəm işsizdir" xəbəri üçün şəkil

“Hazırda evdə yataq xəstəsiyəm. Altı gün xəstəxanada müalicə aldım. Ancaq xəstəxana soyuq olduğu üçün orada soyuqladım və müalicəmi evdə davam etdirməli oldum”.


"Bakupost" xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül deyib.
Xalq artisti indiyədək aldığı müalicələrin səhhətində heç bir irəliləyişə səbəb olmadığını, əksinə, vəziyyətinin getdikcə ağırlaşdığını bildirib:
“Sağlamlığımda heç bir yenilik yoxdur. Əksinə, ağrılarım getdikcə daha da artır, artıq yataq xəstəsinə çevrilmişəm.
İndi ümidim Şəfiqə Məmmədovaya və mədəniyyət naziri Adil Kərimliyə qalıb. Onlar müalicəmlə bağlı nəsə etməyə çalışırlar. Həm Şəfiqə xanım, həm də Adil müəllim məsələyə qarışıblar. Bu həftə ərzində yenidən müayinələrim aparılmalıdır. Görək, nəticəsi necə olacaq.
Bəlkə də müalicə üçün xaricə göndərildim. Amma hələlik bu barədə dəqiq məlumatım yoxdur”.
Xalq artisti səhhətindəki problemlərlə yanaşı, dostlarının ona qarşı münasibətindən də gileylənib. O, çətin günlərində yanında olanların sayının azlığından təəssüfləndiyini deyib:
“Dostlarım zəng edib hal-əhval tuturlar, amma evə gəlib-gedən yoxdur. Düzdür, mən də evdə qonaq qəbul etməyə utanıram, çünki evimin şəraiti yaxşı deyil. Evim "krişadadır".
Bir də ki, insan indi, bu yaşında və bu vəziyyətində anlayır ki, dost deyilən şey yalan imiş. İnsanın ən yaxşı dostu elə öz sağlamlığıdır. Mən ayaqda olanda qapım həmişə açıq idi, dostlarım beş-yeddi nəfər gəlib-gedirdi. Zənglər, görüşlər bitib-tükənmirdi. Amma indi...
Halbuki mən dostlarıma qarşı heç vaxt belə olmamışam. Kimin başı ağrıyıbsa, yanında olmuşam, kimin problemi yaranıbsa, köməyinə çatmışam. Həmişə dostlarımın yanında olmuşam. Amma indi mənə qarşı biganəlik görürəm.
Bəlkə də gəlməyə imkanları yoxdur, çünki özləri də güclə dolanırlar. Dolanışıq imkanı olanlar isə bizim çevrədən deyil, bizə aidiyyəti olmayan adamlardır”.
Şeyx Əbdül ailəsinin sosial vəziyyətindən də danışıb. O, 60 illik kino fəaliyyətinə baxmayaraq, bu gün həm özünün, həm də ailəsinin çətinliklərlə üzləşdiyini bildirib:
“Mənim 83 yaşım var. Ömrümün 60 ili kinoda keçib. Amma övladlarım, nəvəm işsizdir. İstəyirdim ki, nəvəm kinostudiyada işə düzəlsin, amma hələ də onu get-gələ salırlar. Mən ömrümün 60 ilini kinoya həsr etmişəm. Belə olan halda, haqqım çatmırmı ki, nəvəmə kinostudiyada iş tapsınlar? Problem nədir ki? Özüm də iki aydır maaşımı ala bilmirəm. Vəziyyət çox çətindir”.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑