Çeçenistan rəhbəri Ramzan Kadırov qızı Təbərik Kadırovaya respublikanın ən yüksək dövlət mükafatı olan Kadırov ordenini təqdim edib.
"Bakupost" xəbər verir ki, bu barədə "Qafqaz.Realii" nəşri məlumat yayıb.
Qroznı meriyasının açıqlamasına görə, Təbərik Kadırova babası, Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun fəaliyyətinə şəxsi töhfəsinə, eləcə də "vicdanlı və qüsursuz fəaliyyətinə" görə mükafatlandırılıb.
Meriyadan bildirilib ki, Təbərik Kadırova sahibkarlığın və region iqtisadiyyatının inkişafında fəal iştirak edən, məsuliyyətli və uzaqgörən rəhbər kimi tanınıb.
Çeçenistan rəhbərinin qızına bir neçə müəssisəni birləşdirən "İrs Qrup" şirkətlər qrupu məxsusdur. Qrupa Koreya küçə yeməkləri restoranı və "Qroznı Taksi" şirkəti də daxildir. Sonuncu şirkət daha əvvəl yerli taksi bazarında inhisarçılıqda ittiham olunub.
Təbərik Kadırova, həmçinin "Darba Pharmacy" apteklər şəbəkəsi ilə əlaqələndirilir. Atası və Çeçenistan rəsmiləri bu şəbəkənin reklamını 53 rəqib aptekin bağlanması fonunda aparıblar.
Mükafatlandırma ilə bağlı açıqlamadan məlum olub ki, Təbərik Kadırova "Vəhdət" adlı qeyri-kommersiya Sahibkarlığın İnkişafı Mərkəzinin də təsisçisidir. Mərkəzin konkret olaraq hansı fəaliyyətlə məşğul olduğu açıqlanmayıb.
Təbərik Kadırova ABŞ, Yaponiya və Ukraynanın sanksiyaları altındadır. O, Çeçenistan rəhbərinin dövlət vəzifəsi tutmayan yetkinlik yaşına çatmış övladları arasında yeganə şəxsdir.
2024-cü ildə Kadırova sahibkarlığın inkişafına və regionun investisiya cəlbediciliyinin artırılmasına verdiyi töhfəyə görə "Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə" medalı ilə də təltif olunub.
Onun həyat yoldaşı Ramzan Vismuradov Çeçenistanın Gənclərlə İş üzrə Nazirliyinə rəhbərlik edir.





