Pensiya kapitalı ilə bağlı QAYDA DƏYİŞİR? - “144 ay əvəzinə...”

Statistikaya görə, Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 179 min 525 nəfər olub. Müqayisə üçün, 2010-cu ildə bu müavinəti alanların sayı cəmi 18 min nəfər təşkil edib. Beləliklə, 17 il ərzində onların sayı təxminən 10 dəfə artıb.
"Bakupost" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, düstur dəyişdirilərsə, o zaman minimum kapitalın yığım hissəsi də azala bilər:
“Bizdə bu məsələ qanunla tənzimlənir. Belə ki, minimum pensiya 144 aya vurularaq kapitalın minimum hissəsi formalaşır.
Yəni bu, qanunda nəzərdə tutulan dəqiq bir məbləğ deyil, düstura (formulaya) bağlıdır. Əgər bu düstur dəyişdirilərsə, o zaman minimum kapitalın yığım hissəsi də azala bilər. Qanunvericilikdə dəyişiklik etmədən bunu reallaşdırmaq mümkün deyil, yəni qanunvericilik dəyişməlidir”.
Ekspert əlavə edib ki, hazırda qanunvericilikdə bu istiqamətdə dəyişikliyə ehtiyac var:
“Əslində buna ehtiyac da var, çünki təqaüdçülərin böyük əksəriyyəti işlədikləri dövrdə minimum kapitalı toplaya bilmirlər. Ona görə də bu düstur dəyişdirilməli, məsələn, ayların sayı azaldılmalıdır.
Yəni 144 aya deyil, tutaq ki, 120 aya vurulmalıdır. O zaman azalma baş verə bilər. Və yaxud da minimum pensiya əvəzinə müəyyən bir məbləğ götürülə bilər, məsələn, minimum pensiyanın 50%-nin 144 aya vurulması variantı nəzərdən keçirilə bilər. Bir sözlə, bunun üçün müvafiq bir düstur tapılmalıdır”.
Qeyd edək ki, yaşa görə aylıq sosial müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası almaq hüququ olmayan şəxslərə təyin edilir. Hazırda bu şəxslərə aylıq 220 manat sosial müavinət ödənilir.
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



