Madyar Orbanın yolunu gedir? – Macarıstan Ukraynaya dəstək verməyəcək

Macarıstanın Baş naziri Peter Madyar Finlandiyanın "Helsingin Sanomat" qəzetinə verdiyi müsahibədə bildirib ki, Macarıstan Ukraynaya silah yollamayacaq və ya onun öz ərazisindən keçirilməsinə icazə verməyəcək.
“Bakupost” xəbər verir ki, Baş nazir Budapeştin Kiyevə hərbi yardımla bağlı mövqeyinin dəyişməz qaldığını təsdiqləyib. O, həmçinin iki ölkə arasında tədricən etimadı bərpa etmək niyyətində olduğunu da bildirib.
Siyasi şərhçi Ramiyyə Məmmədova “Bakupost”a bildirib ki, Madyarın Ukrayna ilə bağlı açıqlamaları milli maraqlara oynadığının göstəricisidir:
“Orbandan sonra hakimiyyətə gələn Madyarın siyasətində əvvəlki baş nazirin siyasətinə münasibətdə daha çox müxalifyönümlü çıxışların şahidi olduq. Ancaq Macarıstanın daxili-milli siyasətində Madyarla Orbanın apardığı siyasəti hardasa eyniləşdirmək olar. Madyar Ukraynada gedən savaşa qarşıdır. Bu isə o deməkdir ki, hazırki baş nazir Avropa Birlıiyinin Ukraynaya silah verməsinin düzgün olmadığı qənaətindədir”.
Digər tərəfdən, müsahibimiz hesab edir ki, Madyar AB ilə də münasibətləri gərginləşdirmək istəmir:
“Avropanın Macarıstana verdiyi yardımları da almaqda maraqlıdır”.
Ekspert deyir ki, Madyar bu siyasətilə daxili auditoriyaya oynayır:
“Budapeştin Rusiya ilə enerji sahəsində mühüm müqavilələri var. Rusiyanın enerji resurslarından əl çəkmək Macarıstan üçün o qədər də asan deyil. Ona görə də o, sözügedən məsələdə balans yaratmağa meyllidir. Madyar həmçinin, Ukraynadakı macarların maraqlarını qorumaq baxımından da Kiyevə silah verilməsini istəmir”.
Bütün hallarda, həmsöhbətimiz Madyarın sözügedən məsələdə Orbanın siyasətini davam etdirdiyini düşünmür:
“Ancaq o milli maraqları yeni kontekstdə macar siyasəti kimi göstərməyə çalışır”.
Rüfət Sultan, BakuPost
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



