Kommunal xidmətlərdə yenilik: Bakı ilə regionlar arasında fərq olacaq?

Havaların soyuması fonunda qaz limitlərinə yenidən baxılması, əsasən də soyuq iqlimli rayonlarda güzəştli tariflərin tətbiqi məsələsi yenidən gündəmə gəlib.
Bu əsasda bir sıra ekspertlər qaz istehlakı və digər kommunal xidmətlərlə bağlı diferensial yanaşmanın tətbiqini təklif edir. Onların fikrincə, qazdan daha çox istifadə olunan rayonlarda daha aşağı tariflər nəzərdən keçirilməlidir.
ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Bakupost”a bildirib ki, sözügedən məsələdə diferensial yanaşmanın tətbiqi üçün xüsusu qanun qəbuluna ehtiyac yoxdur:
“Belə bir qərarın verilməsi ancaq Nazirlər Kabinetindən asılıdır. Nazirlər Kabineti və Tarif Şurası bununla bağlı hansısa bir qərar versə, bu mümkündür”.
Ekspertin fikrincə, prosesə diferensial yanaşma zamanı ilk növbədə aztəminatlı ailələr və regionlarda, kəndlərdə yaşayan insanların güzəranı nəzərə alınmalıdır:
“Rayon, kənd yerlərindəki böyük həcmli evlərin qızdırılması, işıqlandırılması baha başa gəlir. Bakıdakı bir otaqlı evlə hansısa dağ kəndindəki 150-200 kv.m-lik evin tarifləri eyni ola bilməz və olmamalıdır. Ona görə də diferensial yanaşma daha çox aztəminatlı ailələrə və rayon, kənd sakinlərinə şamil edilməlidir”.
Müsahibimiz hesab edir ki, region əhalisi üşün limitlərin ləğvi və tariflərin Bakıya nisbətən 25-30 faiz ucuz olması daha məqsədəuyğundur.
Rüfət Sultan,BakuPost
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



