Siyasət · Bakı Xəbər

Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər… xəbəri üçün şəkil



“Axios” vəziyyətlə birbaşa tanış olan ABŞ rəsmisinə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Zelenskinin Vaşinqtonun Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmaq tələbini qulaqardına vurmasından sonra ABŞ Prezidenti Tramp Rusiya ilə dizel yanacağı müqaviləsi bağlamaq qərarına gəlib.

Mənbənin sözlərinə görə, Ukraynanın davam edən hücumları Trampın Rusiya prezidenti Vladimir Putinlə Rusiya dizel yanacağının ixracı ilə bağlı tədbirlər barədə razılığa gəlmək qərarına təsir edən amillərdən biri olub. Vaşinqton enerji sazişlərinin yanacaq qiymətlərinin aşağı düşməsinə kömək edəcəyinə və Moskvanı sülh danışıqlarında güzəştlərə getməyə təşviq edəcəyinə ümid edir.

Amerikalı bir rəsmi Zelenskinin mövqeyinin nəticələrini düzgün qiymətləndirmədiyini bildirib. O, Rusiyanın neft emalı zavodlarına davamlı zərbələrin Ukrayna prezidentinin son altı ay ərzində Trampla qurduğu etimadı sarsıtdığını iddia edib.

Son aylarda Ukrayna hücumları Rusiyanın neft emalı sənayesinə ciddi ziyan vurub və Rusiyanın enerji problemlərini daha da ağırlaşdırıb. Buna cavab olaraq Moskva dizel yanacağı ixracına qadağa qoyub və bu da İrandakı müharibə səbəbindən tədarükün pozulması fonunda qlobal bazara təzyiqi artırıb.

Amerikalı bir rəsminin sözlərinə görə, Tramp Ukraynanın ABŞ-da benzin qiymətlərinin artmasına səbəb olduğuna inandığı üçün onların hücumlarına birtərəfli şəkildə son qoymaq istəyirdi. Lakin Amerika prezidenti Rusiyanın neft emalı zavodlarına edilən hücumları Rusiyanın Ukraynanın enerji infrastrukturuna edilən hücumlarına bərabər hesab etmir.

Zelenski əvvəllər Tramp və onun nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə Rusiyanın Ukrayna elektrik stansiyalarına hücumlarını dayandıracağı təqdirdə, Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağa hazır olduğunu bildirmişdi. Lakin Vaşinqton Moskvanın hərəkətlərindən asılı olmayaraq, Ukraynanın hücumlarına son qoymaqda israr edirdi.

Mayami danışıqları zamanı Amerika nümayəndələri Ukrayna nümayəndə heyətini Trampın Putinlə danışmaq və Rusiya dizel yanacağı ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq niyyəti barədə məlumatlandırıblar. Bir Ukrayna rəsmisi isə iddia edib ki, Uitkoff və Kuşner ABŞ-ın tələblərinə daha da məhəl qoyulmayacağı təqdirdə Kiyevlə kəşfiyyat məlumatlarını paylaşmağı dayandıracaqları ilə hədələyiblər. ancaq Amerikalılar bunu təkzib edirlər.

Zelenski "Axios"a bildirib ki, Trampın qərarı onun üçün sürpriz olub. Ukrayna prezidenti müqaviləni " ədalətsiz" və Rusiya liderinə əsassız hədiyyə adlandırıb.

Yeni böhran ABŞ administrasiyasının sülh razılaşmasına nail olmaq səyləri fonunda yaranıb. Lakin Trampla telefon danışığı zamanı Putin Ukrayna ilə danışıqları bərpa etmək istəyini təsdiqləməyib.

Tahir TAĞIYEV

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑