Siyasət · 525-ci qəzet

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları xəbəri üçün şəkil

Çoxtərəfli əməkdaşlıq formatlarında fəal yer alan Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələri də qarşılıqlı hörmət və etimada, bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanır. Rəsmi Bakı təşkilat daxilində dövlət maraqlarını daim təmin edən qətiyyətli siyasət yürüdür, siyasi dialoqun və regional təhlükəsizliyin möhkəmləndirilməsi, nəqliyyat, energetika, iqtisadi-ticari, humanitar əlaqələrin inkişafında fəal rol oynayır, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasında təşəbbüskarlıq edir.

Azərbaycan bütün MDB dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqliyini öz sülhsevər və humanitar siyasəti ilə təsdiqləyir. Bu və digər amillər MDB çərçivəsində dövlətimizin mövqeyini və nüfuzunu açıq ifadə edir. MDB Dövlət Başçıları Şurasının sammitlərində də Azərbaycanın əməkdaşlığa verdiyi töhfələr, sülh və regional təhlükəsizliyin təmin edilməsində prinsipial mövqeyi diqqət çəkir. 

Bu, tərəflər arasında qarşılıqlı etimadı gücləndirmək, faydalı əməkdaşlığı irəli aparmaq, mühüm strateji məsələləri müzakirə etmək və yeni istiqamətləri müəyyənləşdirmək baxımından mühüm rol oynayır.

Oktyabrın 9-da Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud və geniş tərkibdə keçirilən iclaslarında çıxış edən dövlət başçımızın mühüm mesajları isə yeni geosiyasi reallıqlar fonunda vacib və əhəmiyyətli çağırışlar kimi dəyərləndirilə bilər. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, son illərdə MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib. 

Azərbaycan bu proseslərə daim dəstək verib və MDB-nin dərin hörmət və etimadını qazanıb. Laçın şəhərinin Birliyin mədəniyyət paytaxtı elan edilməsi, eləcə də Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi qərarı bu hörmətin layiqli ifadəsidir, eləcə də bütün Birlik üçün əlamətdar hadisəyə çevrildi. Bu cür genişmiqyaslı təşəbbüslər humanitar əməkdaşlığın nümunəsi olmaqla, xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır.

Azərbaycana 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr kimi etimadın göstərilməsi isə ölkəmizin təşkilat daxilində artan siyasi çəkisinin və tərəfdaş dövlətlər arasında qazandığı yüksək hörmətin təzahürüdür. Dövlətimiz bu məsuliyyəti öz üzərinə götürərək MDB Dövlət Başçıları Şurasının növbəti iclasına ev sahibliyi etməyə hazırdır.

Azərbaycan MDB daxilində iqtisadi həmrəyliyin möhkəmlənməsində də fəal rol oynayır, regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir, nəqliyyat dəhlizlərini, liman və dəmir yolu infrastrukturlarını ardıcıl şəkildə modernləşdirərək Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir. 

Bu davamlı tədbirlər isə ölkəmizin tranzit və iqtisadi potensialını artırır, 2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsəd Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan yükdaşımaların həcmini hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır. 

Türkmənistanda keçirilən digər mühüm tədbir – Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası isə beştərəfli əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirilə bilər. Bu, beş sahilyanı dövlətin Xəzərin həmrəylik dənizi kimi birgə inteqrasiyada imkanlarının artırılması, o cümlədən ekoloji, iqtisadi və sosial gələcəyinin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Beştərəfli beynəlxalq hüquqi sənədlərin tərəfdarı olan Azərbaycan 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətini daha yaxşı anlayır və dəyərləndirir.

Xəzərin iqtisadi və strateji əhəmiyyətinin son illərdə artması, mühüm nəqliyyat və enerji marşrutlarının, iri beynəlxalq layihələrin reallaşması dənizin potensial imkanlarını genişləndirir. Orta Dəhliz, limanlar və logistika infrastrukturu Xəzər üzərindən keçən bağlantıların intensivləşməsi gələcəkdə nəqliyyat marşrutlarının dayanıqlılığı məsələsini də gündəmə gətirir. Bu kontekstdən, Xəzərin ekoloji təhlükəsizliyi ilə iqtisadi təhlükəsizliyi arasında daha sıx əlaqə yaranmaqdadır. 

Belə olan şəraitdə Xəzərin sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunması, iqlim dəyişmələrinin fəsadlarının təsirlərinin qarşısının alınması prinsipial məsələ kimi aktuallığını artırır. 

Sammitin gündəliyi bu mövzunun nə dərəcədə vacib olduğunu bir daha təsdiqlədi. Qeyd olunduğu kimi, Xəzər dənizi səviyyəsinin aşağı düşməsinə təsir edən bütün amillər və antropogen təsirlər dərindən qiymətləndirilməlidir. Problemin ümumi müzakirəsindən əməkdaşlıq və qərarların icrasına nəzarət etmək üçün çevik mexanizm yaradılmalıdır. Belə bir yanaşmanın tətbiqi dəniz səviyyəsinin daha da aşağı düşməsinin təsirini minimuma endirməyə imkan verə bilər. 

Sammitdə digər çıxış edənlərin fikirlərindən də göründüyü kimi, Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq çox vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına xidmət edir və əməkdaşlığın daha da inkişafı üçün zəruri şərait yaradır. Prezident İlham Əliyevin xatırlatdığı kimi, dənizin nadir ekosistemini qorumaq bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir. 

Ramid Namazov
Milli Məclisin deputatı

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑