Finlandiyanın xarici işlər naziri Elina Valtonen Aİ ölkələrini Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirdiyi müddətdə Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağa çağırıb.
Diplomat özünün X platformasında Aİ üzvü olan dövlətləri bu məsələ ilə bağlı Avropa Komissiyasına müraciət etməkdə ona qoşulmağa dəvət edib. "Ölkələri Ukraynadakı evləri bombaladığı halda, rusların Avropaya səyahət edib buradakı həyat tərzindən və azadlıqlardan zövq alması düzgün deyil,"- deyə Valtonen bildirib.
Qeyd edib ki, Finlandiya hələ 2022-ci ildə ruslara zəruri olmayan səyahət vizalarının verilməsini qadağan etmişdi. Eyni addım nəhayət ki, Aİ səviyyəsində də atılmalıdır.
Bundan əlavə, Elina Valtonen Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafındakı şəxslərə Şengen vizalarının verilməsinin qadağan edilməsinə, rusiyalı idmançılar üçün viza məhdudiyyətlərinə və Ukraynaya qarşı müharibədə iştirak edən rusiyalılar üçün viza qadağalarının effektiv şəkildə tətbiq olunmasına çağırıb.
Daha əvvəl, sentyabr ayında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da bildirmişdi ki, Moskvanın "hibrid hücumları"na cavab olaraq, Aİ Kremlinə qarşı məhdudlaşdırıcı tədbirləri, o cümlədən verilən turist vizalarının sayını azaltmaqla sərtləşdirməlidir. Estoniya öz növbəsində Ukraynaya qarşı müharibədə iştirak edən rusiyalılar üçün viza qadağasını dəstəkləyirdi. Bu tədbir sonradan Baltikyanı və Skandinaviya regionundakı digər ölkələr tərəfindən də dəstəkləndi. İyun ayında bir qrup Aİ ölkəsi Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırılması ilə bağlı birgə çağırış etdi. Həmin ölkələr tərəfindən imzalanmış məktubda qeyd olunurdu ki, 2025-ci ildə ruslara Şengen zonasının 29 ölkəsinə səyahət üçün 470 000 viza verilib. AFP xəbər agentliyinin qeyd etdiyinə görə, bu vizaların bir çoxu çoxdəfəli giriş imkanı verirdi.
SAMİRƏ




