ABŞ-da keçmiş yüksək vəzifəli CIA əməkdaşı Devid Raşın evində aparılan axtarış zamanı təxminən 46 milyon dollar dəyərində qızıl külçələri, 2 milyon dollar nağd pul və 35 bahalı saat aşkarlanıb. İstintaqa görə, Raş saxta məxfi proqramlar yaradaraq dövlət vəsaitlərindən şəxsi məqsədləri üçün istifadə edib. Ümumi zərərin təxminən 194 milyon dollar olduğu bildirilir. O, oktyabrın 6-da dələduzluq ittihamını qəbul edib.
Almaniyada isə keçmiş Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Avqust Hanning oktyabrın 6-da dövlət sirrini xarici kəşfiyyat orqanına ötürmək şübhəsi ilə saxlanılıb. İstintaq onun BND-də çalışmış keçmiş köməkçisindən 12 il ərzində təxminən 2 min məxfi sənəd əldə etdiyini və bu məlumatlardan özəl məsləhətçilik fəaliyyətində istifadə etdiyini iddia edir. Hanning ittihamları rədd edir.
Bu iki hadisə göstərir ki, xüsusi xidmət orqanlarında yüksək vəzifə tutmuş şəxslərin sonrakı fəaliyyəti, dövlət resurslarından istifadəsi və sərvətlərinin mənbəyi məsələsi təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, dünyanın ən güclü dövlətləri üçün də ciddi nəzarət mövzusudur.
Belə bir fonda Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etmiş Eldar Mahmudovun dövrü ilə bağlı ortaya çıxmış çoxsaylı iddialar və həmin sistemdə baş verənlər də yenidən yada düşür.
Tutaq ki, Azərbaycan hələ inkişaf etməkdə olan ölkədir və dövlət institutları, hüquq sistemi və nəzarət mexanizmləri kifayət qədər möhkəmlənməyib. Bəs ABŞ və Almaniya kimi güclü dövlət institutlarına və formalaşmış hüquq sistemlərinə malik ölkələrdə keçmiş kəşfiyyat rəhbərləri ilə bağlı bu cür ağır araşdırmaların aparılması nə ilə izah olunur? Bu, həmin ölkələrdə də xüsusi xidmət orqanlarının fəaliyyətinə nəzarət və şəffaflıqla bağlı ciddi problemlərin mövcud olduğunu göstərirmi?
Elşad Həsənov: "Belə bir orqanda dövlətə sədaqətli, milli qürurlu və etibarlı şəxslərin olması əsas şərtdir"
Politoloq Elşad Həsənov məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, dünyada gedən proseslər, o cümlədən son dövrlərdə xüsusi xidmət orqanlarında korrupsiya və xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqla bağlı faktların üzə çıxması bu məsələnin yalnız bir ölkəyə aid olmadığını göstərir.
Onun sözlərinə görə, ABŞ-da Devid Qruşun evində aparılan axtarış zamanı milyonlarla dollar dəyərində qızıl külçələri və pul vəsaitlərinin aşkarlanması ilə bağlı məlumatlar, eləcə də digər ölkələrdə baş verən oxşar hadisələr xüsusi xidmət orqanlarında korrupsiya risklərinin mövcudluğunu göstərir. Almaniyada keçmiş Konstitusiyanın Müdafiəsi Xidmətinin rəhbəri ilə bağlı araşdırmaların aparılması və onun xarici xüsusi xidmət orqanlarına məlumat ötürməsi ilə bağlı iddialar da bu kontekstdə diqqət çəkir. Hazırda həmin iş üzrə istintaq davam etdiyindən bütün detalların tam aydınlaşmadığını nəzərə almaq lazımdır.
Elşad Həsənov qeyd edib ki, tarixdə xüsusi xidmət orqanlarının yüksək vəzifəli əməkdaşlarının xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi ilə bağlı çoxsaylı faktlar mövcuddur. Onun sözlərinə görə, keçmiş SSRİ-nin yüksək rütbəli KQB generalı Oleq Kaluqinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlığı da bu qəbildən olan nümunələrdən biridir.
Politoloq Azərbaycanın təcrübəsinə də diqqət çəkib. O bildirib ki, vaxtilə Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyində baş verən korrupsiya halları dövlət təhlükəsizliyi baxımından ciddi risklərin yarana biləcəyini göstərdi. Onun sözlərinə görə, həmin dövrdə bir sıra yüksək vəzifəli şəxslərin korrupsiya əməllərinə görə məsuliyyətə cəlb edilməsi dövlətin bu məsələyə prinsipial münasibətini nümayiş etdirdi.
"Bu, həm ictimaiyyətə, həm cəmiyyətə, həm də dövlətə çox ciddi siqnal idi. Dövlətin onurğa sütunu olan belə bir orqanda dövlətə sədaqətli, milli qüruru olan və etibarlı şəxslərin çalışması əsas şərtdir", - deyə politoloq vurğulayıb.
Elşad Həsənovun sözlərinə görə, xüsusi xidmət orqanlarında korrupsiya hallarının yaranmasına səbəb olan amillər vaxtında müəyyənləşdirilməli və aradan qaldırılmalıdır. O bildirib ki, Rusiyada da son illərdə yüksək rütbəli polis əməkdaşlarının evlərində külli miqdarda pul, qızıl və digər qiymətli əşyaların aşkarlanması ilə bağlı faktlar üzə çıxıb.
Politoloq hesab edir ki, korrupsiya müxtəlif dövlət orqanlarında baş verə bilər, lakin dövlətin siyasi iradəsi və hüquq-mühafizə mexanizmləri belə halların qarşısının alınmasında mühüm rol oynayır.
"Azərbaycanda korrupsiyaya qarşı mübarizə daha da güclənir. Korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılması ilə bağlı yeni mexanizmin tətbiqi də dövlətin korrupsiyanın qarşısını almaq niyyətini göstərir", - deyə o bildirib.
Elşad Həsənov əlavə edib ki, Azərbaycan xüsusi xidmət orqanlarında çalışan əməkdaşların böyük əksəriyyəti dövlətə və xalqa bağlı insanlardır. Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri general-polkovnik Əli Nağıyevin uzun illər təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışması və bu sahədə təcrübə qazanması da mühüm amildir.
Politoloq hesab edir ki, insan faktoru hər bir sistemdə müəyyən risklər yarada bilər. Buna görə də dövlət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyan qurumlarda daxili nəzarət, şəffaflıq və korrupsiyaya qarşı mübarizə mexanizmlərinin daim gücləndirilməsi vacibdir. Onun fikrincə, ABŞ, Almaniya, Gürcüstan, Rusiya və digər ölkələrdə baş verən oxşar hadisələrin araşdırılması da göstərir ki, bu problem beynəlxalq xarakter daşıyır və dövlətlər belə halların qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirir.
Akif NƏSİRLİ




.jpg)