Fransadakı etirazlar və iğtişaşlar prezident seçkiləri ərəfəsində artan yaşayış xərclərinə və pisləşən ictimai xidmətlərə qarşı dinc etirazların zorakılığa çevrilməsindən qaynaqlanır. Amma daha bir mühüm məqam da odur ki, iğtişaşlar, eyni zamanda siyasi mənfəət naminə radikal qruplar tərəfindən təhrik edilir. Elə bu fonda görünən həm də odur ki, Fransa etiraz aksiyaları və iğtişaşlar problemindən yaxın tezlikdə xilas ola bilməyəcək. Əksinə, radikal qruplara kənardan maliyyə və müxtəlif formalarda yardımların gəlməsi vəziyyətin daha da pisləşməsinə gətirib çıxarmaq iqtidarındadır. Təhlükənin fərqində olan hakimiyyət isə artıq yeni iğtişaşların qarşısını almaq üçün ordu qüvvələrini də prosesə cəlb etməyə hazırlaşır. Radikal qüvvələrin də geri çəkilmək niyyətində olmadığı və ölkədə sosial-iqtisadi dururmdan böyük narazılıq olması nəzərə alınarsa, Fransanı heç də sakit günlərin gözləmədiyini demək olar.
Fransa 2018-ci ildəki “Sarı jiletlilər” hərəkatından sonra növbəti dəfə özünün ən kəskin böhranlı dövrlərindən birini yaşayır. Ötən ay məktəblərdən başlayan etiraz aksiyaları qısa müddətdə öz sıralarına həmkarlar ittifaqlarının, əmək hərəkatlarının və ifrat solçu qrupların nümayəndələrini cəlb etdi. Sadə fransızlar da etirazlardan yanacaq və yaşayış xərclərinin artmasına qarşı qəzəblərini hakimiyyətə çatdırmaq üçün istifadə etmək qərarına gəldilər. Nəticədə aksiyaların coğrafiyası və miqyası böyüdü. Radikal və talançı qruplar da izdihamdan və xaosdan istifadə edərək, müxtəlif vandalizm aktları törətdilər. Fransa polisi və jandarm qüvvələrinin belə hallara qarşı tam hazır olmadığı üzə çıxdı. Aksiyaların davam etməsi ilə bağlı alınan qərarlar fonunda hökumət bu dəfə mümkün yeni iğtişaşların qarşısını almaq üçün artıq ordudan, xüsusi təyinatlı qüvvələrdən istifadə etməyə hazırlaşır. Fransanın daxili işlər naziri Loran Nunyes bildirib ki, oktyabrın 24-də keçirilməsi planlaşdırılan yeni etiraz aksiyası zamanı ordu, o cümlədən də “Sentinelle” xüsusi təyinatlı qüvvələri stasionar obyektlərin mühafizəsində polisi əvəz edəcək. Amma bütün bunların Fransanı yeni iğtişaşlardan xilas edəcəyinə ümid azdır, çünki proseslər həm də siyasi motivlərdən qaynaqlanır. Rusiyalı politoloq Aleksey Martınov bildirir: “Fransada baş verənlərn miqyası, vandalizm aktları onu göstərir ki, bu artıq etiraz deyil, amansız bir iğtişaşdır. Makron və onun qrupunun fəaliyyəti mahiyyət etibarilə Beşinci Respublikanı məhv edir. Bəlkə də Altıncı Respublika yaranacaq, amma Beşinci Respublikanı böyük Şarl de Qoll təsis edib. O zaman Fransada daxili immunitet və yenidən qurulma ehtirası var idimi? Bəli, var idi. Amma bu gün Fransa isteblişmentində kiminsə yeni de Qoll olub-olmaması böyük sualdır. Özü də nəzərə alınmalıdır ki, ixtişaşların arxasında dayanan maraqlı qüvvələr məqsədlərinə çatmaq üçün ölkədə xaosun davam etməsini istəyirlər”. Fransada xaosun davamında maraqlı qüvvələr qismində radikal solçuların adı xüsusilə çəkilir. Ölkə hakimiyyəti də müxalifətdəki ifrat solçu “Yenilməz Fransa” partiyasını və onun lideri Jan-Lük Melanşonu etirazlarda və iğtişaşlarda ittiham edir. Fransada ekstremist baxışlara sahib olan və ifrat solçulardan ibarət “Qara Blok” adlı hərəkat da iğtişaşlarda xüsusi rol oynayır. Elə son aksiyalarda bu blokun üzvləri mobil bölmələr kimi fəaliyyət göstərərək, xaosdan yararlanaraq polisə hücum etdilər, yanğınlar və talanlar törətdilər. Bütün bunlar fonunda Jan-Lük Melanşonun rəhbərlik etdiyi ifrat solçular iğtişaşlardan mövcud hökumətin legitimliyini sarsıtmaq üçün istifadə edirlər. Melanşonun “zorakılıq qanuni ola bilər” ifadəsi, indiki hərəkatını 2027-ci il prezident seçkiləri üçün hazırlıq məşqi kimi qiymətləndirməsi də bunun təzahürüdür. Amma ifrat solçular aksiyalardan təkcə Makron hakimiyyətini sarsıtmaq yox, həm də ictimai dəstəyi sürətlə artan ifrat sağçıların hakimiyyətə gəlişinin qarşısını almaq üçün istifadə etməyə çalışırlar. İfrat sağçıların lideri Marin Le Pen də bunu xüsusi qabardır: “Qanuni tələblərini bildirən fransızlar "özlərini Jan-Lük Melanşonun partiyası üzvlərinin ifrat solçu ritorikasının girovuna çeviriblər. Onlar zorakılığı haqlı çıxararaq, nizamı zülm, nizamsızlığı isə hüquq hesab edərək ölkəni xaosa salmağa çalışırlar. Buna yol verməyəcəyik və seçkilərdə qətiyyətimizi nümayiş etdirəcəyik”.
İfrat solçulara ölkə xaricindən də böyük dəstək var. Şanxayda yaşayan amerikalı sahibkar Nevill Roy Sinqemin adı bu məsələdə indi daha çox hallanır. O, 2017-ci ildə şirkətini 785 milyon dollara satdıqdan sonra solçu hərəkatları dəstəkləmək üçün əhəmiyyətli vəsait ayırır. Amerikalı sağçı siyasətçilər və “Fox News” kimi media orqanları iddia edir ki, Sinqem donorların məsləhət gördüyü fondlar və saxta şirkətlər vasitəsilə dünyanın hər yerində solçu hərəkatları dəstəkləyən Amerika qeyri-kommersiya təşkilatlarına ianə edib. Sinqem indi solçu etirazların arxasında duran əsas maliyyə himayədarı hesab olunur. ABŞ Nümayəndələr Palatasının komitəsi artıq Sinqem tərəfindən maliyyələşdirilən təşkilatların təkcə Fransada deyil, həm də ABŞ-ın özündə etiraz hərəkatlarında iştirakını araşdırır. Sinqem kimi oliqarxlar üçün solçu hərəkatları dəstəkləmək ideologiya, güc və strateji təzyiqi birləşdirən uzunmüddətli bir investisiyadır. Bu dəfə Fransadakı solçu qüvvələrə on milyonlarla dollar göndərməklə Sinqem ölkədə məhz solçuların hakimiyyətə gəlişinə, sağçıların yüksəlişinə mane olmaq istəyir. Milli təhlükəsizlik üzrə israilli ekspert Simon Tsipis qeyd edir: “Fransa əks-kəşfiyyatı iğtişaş törədən qruplaşmaların liderlərinin kim olduğunu, harada olduqlarını, necə hərəkət etdiklərini, hansı rabitə metodlarından istifadə etdiklərini bilir. İstəsələr bütün bunlar dayandırıla, şəbəkə kəsilə və iğtişaş törədənlər həbs edilə bilər. Amma Makron ölkəsini fəlakətə aparan zəif, səriştəsiz liderdir. Bu, sual doğurur: Fransa Respublikasını məhv etmək üçün bu vəzifəyə qəsdən zəif bir lider təyin edilib, yoxsa bu, sadəcə Makronu seçən seçicilərin səhv hesablaması idi?”. Beləliklə, yekun mənzərə Fransanı daha çətin günlərin gözlədiyini, ölkənin getdikcə daha zəif duruma düşdüyünü göstərir. Bu isə, nəinki Fransanın beynəlxalq mövqeyini zəiflədir, həm də onun Avropanın lideri olmaq iddiasını sual altına alır. Hələlik isə ölkə hakimiyyəti Fransanı bürüyən etiraz dalğası ilə güc yolu ilə deyil, inandırma yolu ilə mübarizə aparmaq qərarına gəlib. Onlar nümayişçilərin əsas tələblərini yerinə yetirməyi seçiblər. Makron enerji müqavilələri bağlamaq və yanacaq tədarükünü təmin etmək üçün Fars körfəzi ölkələrinə təcili səfər etdi. O, hökumətin təchizatçıların qiymətləri birbaşa istehlakçılar üçün aşağı salmasını təmin etmək üçün çalışacağına söz verdi. 21 oktyabrda Fransa prezidenti ilkin uğurlarını açıqladı. Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ayda əlavə 100 min ton yanacaq tədarük etmək barədə razılığa gəldilər. Makron həmçinin qış üçün Qətərdən yanacaq idxal etmək barədə razılığa gəldi. Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, enerji, iqtisadi, investisiya və müdafiə məsələləri ilə bağlı müzakirələr planlaşdırılır. Etirazlarla bağlı şərh verən Makron prezident kimi bütün çətinlikləri həll etmədiyini etiraf etdi. O, terror hücumları, COVID-19, süni intellektlə əlaqəli əmək bazarındakı pozuntular, Rusiya-Ukrayna münaqişəsi və iqlim böhranı ilə üzləşən gənc nəslə dəstək olmağa çağırdı. Kütləvi iğtişaşlardan sonra hökumətin ilk qərarlarından biri 17 və 18 oktyabr tarixlərində baş verən talanlardan zərər çəkmiş özəl şirkətlərə yardım göstərmək idi. İşləyə bilməyən işçilər əmək haqlarının 60%-nə bərabər kompensasiya alacaqlar. Minimum əmək haqqı alanlar 100% kompensasiya gözləyə bilərlər. Bizneslər işçilərinə maaş ödəməli və ya işçi qüvvəsini azaltmalı olmayacaqlar. Sahibkarlara həmçinin faizsiz kreditlər və vergi və sosial təminat ödənişlərinin təxirə salınması təklif olunub. Amma bunlar hələ də cəmiyyəti sakitləşdirə bilmir.
Samirə SƏFƏROVA

