Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

Tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycan (indiki Ermənistan Respublikasının ərazisi), o cümlədən Zəngəzur, Göycə, İrəvan, Dərələyəz və Arçazur mahalları əsrlər boyu zəngin mədəni-memarlıq irsinin formalaşdığı məkanlardan olmuşdur. Bu ərazilərdə yerləşən qədim alban məbədləri, türk-oğuz qəbirstanlıqları, qoç daşlar, qalalar, körpülər və məscidlər bölgənin etnokültürəl tarixini əks etdirən əsas maddi sübutlardır. Lakin XIX-XX əsrlərdə həyata keçirilən deportasiyalar və etnik təmizləmə siyasəti ilə yanaşı, bu abidələrin mənimsənilməsi (qriqoryanlaşdırılması) və ya tamamilə məhv edilməsi prosesi baş vermişdir. Bu irsin elmi dövriyyəyə qaytarılması və sistemli tədqiqi işində filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlinin yaradıcılığı xüsusi mərhələ təşkil edir. O, uzun illər ərzində Qərbi Azərbaycanın tarixi coğrafiyası, toponimiyası və memarlıq abidələrinin inventarlaşdırılması ilə məşğul olmuşdur. Müəllifin tədqiqat metodologiyası aşağıdakı əsas prinsiplərə söykənir: Arxiv sənədləri və tarixi mənbələrin müqayisəli təhlili: Çar Rusiyası dövrünün kameral təsvirləri, xəritələr və Osmanlı təhrir dəftərləri əsasında abidələrin ilkin adlarının və yerləşdiyi kəndlərin etnik tərkibinin müəyyənləşdirilməsi. Sahə-foto sənədləşdirməsi: Vandalizmə məruz qalmazdan əvvəlki və sonrakı vəziyyəti əks etdirən vizual materialların toplanması. Etnosemiotik və toponimik təhlil: Abidələrin üzərindəki yazıların, damğaların (oğuz boylarına aid işarələr) və bəzək elementlərinin türk mədəniyyət qatı ilə əlaqəsinin sübut olunması. Bununla yanaşı, Ə.Ələkbərli Zəngəzur və Göycə mahallarının memarlıq irsini də bir neçə qrupa bölərək tədqiq edib. Müəllifin tədqiqatlarında Göycə hövzəsindəki alban məbədlərinin (məsələn, Qaraqoyunlu dərəsindəki, Çəmbərək və Basarkeçər rayonlarındakı qədim kilsələr) memarlıq həlli yüksək səviyyədə təhlil edilir. O, bu abidələrin erməni kilsə memarlığından fərqli olan struktur xüsusiyyətlərini və Alban dövrü xaçdaşlarının oğuz süjetləri ilə zənginliyini göstərir. Zəngəzur mahalının Qarakilsə (Sisian), Qafan, Gorus və Mehri rayonlarındakı qədim dini tikililər, xüsusən də Tatev kompleksi və ətrafındakı Alban irsi müəllifin diqqət mərkəzində olmuşdur. Göycə və Zəngəzurun məzar daşları müəllifin yaradıcılığında xüsusi yer tutur. Ə.Ələkbərli göstərir ki, Göycənin Urud, Sulda, Qorxmazoba və Zəngəzurun Urud kəndi qəbirstanlıqlarındakı qoç, qoyun heykəlləri, eləcə də sənduqələr üzərindəki ox-yay, at, qılınc, xəncər və boy damğaları bu torpaqların qədim türk sivilizasiyasına mənsubluğunu təkzibedilməz faktlarla sübut edir.. Zəngəzur qalaları (məsələn, Qafan qalaları) və Göycə hövzəsindəki карванsaralar (Səlim karvansarası daxil olmaqla) müəllif tərəfindən Böyük İpək Yolu üzərində yerləşən strateji memarlıq nümunələri kimi qiymətləndirilir. Eyni zamanda müəllifin Qərbi Azərbaycan irsinə həsr olunmuş mühüm əsərləri bu sahədə fundamental mənbə rolunu oynayır. Bu baxımdan xüsusi ilə onun "Qərbi Azərbaycan abidələri" (2006) əsərində Ermənistan ərazisindəki yüzlərlə Türk-Alban abidəsinin inventar siyahısı, tarixi və dağıdılma dərəcəsi haqqında ətraflı məlumat verilir. Müəllifin digər belə əsəri "Qədim Türk-Oğuz yurdu Ermənistan" (2001) adlanır. Bu kitabda toponimlərlə yanaşı, Göycə və Zəngəzur mahalındakı yaşayış məskənlərinin memarlıq siması və tarixi abidələri kompleks şəkildə araşdırılmış və eyni zamanda Zəngəzurun arxeoloji və memarlıq abidələri qədim yaşayış məskənləri, petroqlifləri (Gəmiqaya analogiyaları) və orta əsr memarlığı da sənədləşdirilmişdir. Göründüyü kimi, Əziz Ələkbərlinin yaradıcılığı Qərbi Azərbaycanın, xüsusilə Zəngəzur və Göycə mahallarının mədəni-memarlıq irsinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Müəllif yalnız tarixi-memarlıq faktlarını toplamaqla kifayətlənməmiş, hemçinin erməni vandalizminə qarşı tutarlı elmi dəlillər ortaya qoymuşdur. Onun hazırladığı atlaslar, ensiklopedik toplular və monoqrafiyalar bu gün Qərbi Azərbaycan irsinin bərpası, tanıdılması və beynəlxalq müstəvidə müdafiəsi üçün mühüm elmi bazadır. Qərbi Azərbaycanın tarixi-mədəni irsinin tədqiqində, xüsusilə Zəngəzur mahalının qədim Türk-Oğuz izlərinin elmi dövriyyəyə gətirilməsində Sisian rayonunun Urud kəndi və onun qədim qəbiristanlığı müstəsna əhəmiyyətə malikdir. Bunu dərində dərk edən, Əziz Ələkbərli öz əsərlərində Urud abidələrinə xüsusi yer ayıraraq, onları bu torpaqların yerli Türk-İslam mədəniyyətinin təkzibedilməz maddi sübutları kimi qiymətləndirmişdir. O, haklı olaraq tədqiqatlarında,Urud kənd qəbiristanlığını orta əsrlər Türk qəbiristanlıq simasının klassik nümunəsi kimi təqdim edir. Müəllif qeyd edir ki, bu abidələr kompleksində XV–XIX əsrlərə aid minlərlə qəbir daşı, sanduqə, başdaşı və qoç heykəlli məzar daşları mövcud olmuşdur. Müəllif bunu qeyd etməklə hətta onları təsnifata ayırmışdı Məsələn o, qeyd edir ki, qəbiristanlıq strateji yüksəklikdə yerləşməklə yanaşı, ərazidəki qədim yaşayış məskənlərinin demografik və etnik mənsubiyyətini dəqiq izləməyə imkan verir. Digər tərəfdən, burada həm sadə daş lövhələrə, həm də mürəkkəb memarlıq quruluşuna malik sanduqələrə və monumental heykəltəraşlıq nümunələrinə rast gəlinir. Ə.Ələkbərli yaradıcılığında Zəngəzurun, xüsusən də Urudun qoç və qoyun formalı daş abidələri qədim oğuz-türk dünyagörüşünün, inamlarının və totemik təsəvvürlərinin daşıyıcısı kimi təhlil edilir. Müəllif göstərir ki, oğuz elində qoç, qoyun heykəlləri adətən el yolunda, döyüşdə həlak olmuş igidlərin, eləcə də el ağsaqqallarının və nüfuzlu şəxslərin məzarları üzərində ucaldılırdı. Bu heykəllər mərhumun cəsarətini, gücünü və bərəkət rəmzini simvolizə edirdi. Belə qəbir daşlarının üzərindəki incə naxışlar, o cümlədən məişət və döyüş ləvazimatları (ox, yay, qılınc, qalxan, xəncər və üzəngi təsvirləri) həm də həmin dövrün hərb sənəti və silahlanma tarixi haqqında zəngin məlumat verir. Bununla yanaşı, Sanduqələrin üzərinə həkk olunmuş damğalar (əsasən Oğuz boy damğaları) bu abidələrin hansı tayfa birliklərinə məxsus olduğunu dəqiq müəyyənləşdirməyə imkan yaradır. Əziz Ələkbərli Urud abidələrinin kitabələrini tədqiq edərkən mühüm bir elmi məqama toxunur. O, bölgədəki qədim mədəni qatlar arasında varislik əlaqələrini izləyir. Uruddakı sanduqə və başdaşları üzərindəki yazılar əsasən ərəb əlifbası ilə yazılmış İslam dövrü kitabələridir. Bu yazılarda Quran ayələri, mərhumun adı, vəfat tarixi və şəcərəsi əks olunmuşdur. Müəllif bu kitabələrin oxunması ilə bir çox unudulmuş tarixi şəxsiyyətlərin və nəsillərin adlarını elmi dövriyyəyə daxil etmişdir. Tədqiqatçı Göycə və Zəngəzur sərhədlərində, o cümlədən Urud ətrafında olan abidələrdə xristianlıqdan əvvəlki qədim Türk inancları ilə Alban dövrü abidələrinin sintezini diqqətə çatdırır. Erməni tədqiqatçılarının bu abidələri birtərəfli şəkildə erməniləşdirmə cəhdlərinə qarşı Ə.Ələkbərli arxiv sənədləri və daş üzərindəki orijinal epiqrafik yazılarla onların əsl sahiblərinin Türk-Oğuz xalqları olduğunu elmi şəkildə sübuta yetirir. Nəticə etibarı ilə qeyd edək ki, Əziz Ələkbərlinin Urud kəndindəki qoç, qoyun heykəlli məzar daşları və epiqrafik abidələr üzrə apardığı tədqiqatlar sadəcə yerli xarakter daşımır; bu araşdırmalar bütün Zəngəzur mahalının Türk-İslam tarixi köklərinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından fundamentaldır. Müəllifin bu əsərləri erməni vandalizmi nəticəsində məhv edilən və ya təhrif olunan irsimizin tarixi həqiqətlərinin bərpasında əvəzedilməz mənbədir. Rizvan QARABAĞLI Memarlıq üzrə fəlsəfə doktoru, dosent
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
.jpg)

