İran Ali rəhbəri Müctəba Xamenei ABŞ və İsraillə yeni mümkün müharibə zamanı Silahlı Qüvvələrə hücumun coğrafiyasını genişləndirmək barədə əmr verib.
Bu barədə İran ali rəhbərliyinə bağlı "Keyhan” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, yeni müharibə baş verəcəyi təqdirdə, Böyük Britaniya, İtaliya, Yunanıstan, Rumıniya və Kipr də daxil olmaqla, ABŞ və NATO-nun Avropadakı hərbi və digər obyektləri İranın raketlərinin hədəfinə çevrilə bilər.
"Keyhan” Müctəba Xameneinin orduya hərbi cavabın "coğrafi məhdudiyyət olmadan” verilməsi barədə göstərişinə istinadla qeyd edib ki, mümkün hədəflər dairəsi artıq Yaxın Şərqdəki ABŞ bazaları ilə məhdudlaşmır və "Avropanın ürəyi”nə qədər genişlənəcək: "İran İslam Respublikasının raketləri 4-5 min kilometr məsafədə yerləşən NATO bazalarını vurmaq imkanına malikdir. Əgər təcavüzkarlar diplomatik həll yolunu və İranın şərtlərinin qəbulunu seçməsələr, döyüşlərin coğrafiyası Avropanın ürəyinə və regiondan kənardakı hərbi bazaların dərinliklərinə qədər genişlənəcək. Bu dəfə cavab atəşi hegemoniyanın bütün hesablamalarını külə çevirəcək”.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, İran tərəfi iki dəfə danışıqlar prosesi davam etdiyi halda hücuma məruz qalıb və bu, hamıya bəllidir:

"Yəni əvvəlcə danışıqlar prosesi irəli sürülür, daha sonra tərəflərin nümayəndələri masa arxasında görüşürlər. Lakin məhz bu məqamda ABŞ tərəfi İsrailin iştirakı ilə, bütün razılaşmalara baxmayaraq, hücuma keçir. Üçüncü dəfə belə bir hadisənin baş verməsi mümkün deyil. Əgər baş verərsə, bu, həm faciə, həm də komediya olacaq.
İkinci hücum baş verməmişdən əvvəl, İranın ali rəhbəri Əli Xamenei bəyan etmişdi ki, əgər İrana yenidən hücum olarsa, ABŞ-ın regiondakı bütün hərbi bazaları vurulacaq və onlar İran üçün legitim hədəflərə çevriləcəklər. Digər tərəfdən, o bildirmişdi ki, bu, artıq iki və ya üç tərəf arasında müharibə deyil, bütövlükdə regionun müharibəsi olacaq. Onun dedikləri də reallaşdı. İran tərəfi açıq şəkildə bildirdi ki, bu məsələdə zarafat etmir: "Danışıqlar aparılırsa, danışıqlar aparılır, müharibədirsə, müharibədir. Biz geri çəkilməyəcəyik”.
İndi də onun siyasi xəttini davam etdirən İran rəhbərliyi, xüsusilə də Ali Təhlükəsizlik Şurasının sədri Möhsün Rezayi eyni mövqedədir. O, general olub, vaxtilə İslam İnqilabı Keşikçiləri Korpusuna rəhbərlik edib. Onun mövqeyi də ondan ibarətdir ki, İran geri çəkilməyəcək. Yəni siz bizi hədələyirsinizsə, hansısa vasitələrlə qorxutmağa çalışırsınızsa, buna baxmayaraq, biz mövqeyimizdən geri çəkilməyəcəyik. Hətta hazırda Livanın da prosesə cəlb olunması məsələsi gündəmə gəlib”.
Politoloq əlavə edib ki, İran tərəfi özünü haqlı hesab edərək, təcavüzə məruz qalmış tərəf kimi mövqeyini ortaya qoyur:
"Avropadakı hədəflərə gəlincə, bəli, orada Amerikanın hərbi bazaları var. Məsələn, Ramştayn bazası və bir sıra digər hərbi obyektlər mövcuddur. İranın raketləri həmin ərazilərə, hətta Britaniyada yerləşən hədəflərə belə çata bilər. Bu baxımdan, verilən mesaj həm də xəbərdarlıq xarakteri daşıyır: daha dərinə getməyin, bizimlə zarafat etməyin. İran özünün haqlı hesab etdiyi mövqedə israr edəcəyi və geri çəkilməyəcəyi mesajını verir. Digər tərəfdən, Amerikanın istənilən hərbi bazası və qərargahı İran üçün hədəfə çevrilə bilər.
Ümumiyyətlə, İran tərəfi bu məsələlərdə zarafat etmədiyini göstərir və verdiyi xəbərdarlıqların əsassız olmadığını nümayiş etdirir. Müharibə təhlükəsi, əlbəttə ki, hiss olunur. Onsuz da Amerika Birləşmiş Ştatları bu prosesə təxminən 45-47 milyard dollar civarında vəsait xərcləyib, itkilərini hesablayıb və digər hazırlıqları həyata keçirib. İndi isə böyük hərbi donanmasını, o cümlədən təyyarədaşıyan gəmilərini və digər hərbi vasitələrini bölgəyə gətirib. Artıq üçüncü təyyarədaşıyan gəmi də regiona göndərilib. Bu hazırlıqlar səbəbsiz yerə aparılmır. Burada əsas məqsəd, ilk növbədə, İrana təzyiq göstərmək, güc imkanlarını nümayiş etdirmək və öz şərtlərini qəbul etdirməyə çalışmaqdır. Amma digər tərəfdən, kiçik bir qığılcım da müharibənin başlaması üçün kifayət edə bilər. Hazırkı vəziyyətdə İranın mövqeyinin müəyyən mənada yumşaldığını görürük. Pakistanın, daha sonra isə Qətərin vasitəçiliyi ilə İran tərəfi diplomatik yolu istisna etmədiyini, danışıqlara hazır olduğunu bildirib. Ancaq bir şərtlə: danışıqlar ABŞ istədiyi formada aparılmamalıdır”.
Müsahibimiz vurğulayıb ki, ABŞ ilk növbədə nüvə məsələsini gündəmə gətirir, lakin İran bu məsələdən başlamaq niyyətində deyil:
"Tehran bildirir ki, əvvəlcə onun tələbləri yerinə yetirilməlidir. Düzdür, İran tərəfi əvvəlcə yeddi tələb irəli sürmüşdü, hazırda isə onlardan üçü əsas mahiyyət daşıyır. Bu tələblər yerinə yetirildikdən sonra danışıqlar aparıla bilər. Nüvə məsələsinə də gəlib çatmaq mümkündür, amma proses məhz bu mövzudan başlamamalıdır. Bu baxımdan, Donald Tramp özü üçün vaxt qazanıb və əsas qərarı seçkilərdən sonraya saxlamağa çalışır. Hazırda seçkilərin nəticələri onun üçün böyük əhəmiyyət daşıyır. Mənə elə gəlir ki, Nümayəndələr Palatasında respublikaçılar mövqelərini itirə bilərlər, amma Senatda yox. Düşünürəm ki, əgər respublikaçılar Senatda mövqelərini qoruya bilsələr, Donald Tramp hücuma keçməyəcək. Çünki bu, onun özü üçün həddindən artıq riskli addım olardı. ABŞ-nin hərbi və siyasi ekspertləri, analitikləri də bildirirlər ki, Tramp çox böyük riskə gedir. Əgər Amerikanın hər hansı ölkədəki səfirliyinə zərbə endirilərsə, yaxud səfiri, baş konsulu və ya konsulluq əməkdaşı öldürülərsə, bu, ABŞ üçün son dərəcə ağır nəticələr doğura bilər. Belə bir hadisə Tramp üçün bağışlanmaz siyasi səhvə çevrilə və onun impiçmenti məsələsini gündəmə gətirə bilər. Ona görə də demək olmaz ki, Donald Tramp bütün bu amilləri nəzərə almır, özünə həddindən artıq arxayındır və istədiyi addımı ata bilər”.
Tofiq Abbasov qeyd edib ki, Venesuelada baş verənlər, belə deyək, Trampda müəyyən bir sindrom yaratdı və onu bir qədər çaşdırdı:
"Digər tərəfdən, burada İsrail amili də var idi. İsrail tərəfi Amerikanı inandırmağa çalışırdı ki, bütün hazırlıqlar görülüb, onların bölgədəki casus şəbəkəsi lazımi işləri həyata keçirib və prosesə başlamaq kifayətdir. Həmçinin hesab edilirdi ki, insanlar rejimə və ya hakimiyyətə qarşı ayağa qalxacaqlar. Lakin bu, baş vermədi. Mənə elə gəlir ki, İran hökuməti də vəziyyəti düzgün qiymətləndirir və insanların səfərbərliyinin nə qədər vacib olduğunu anlayır. Digər tərəfdən, İran dövləti üçün öz ərazilərinin qorunması və suverenliyin təmin edilməsi birmənalı şəkildə müqəddəs məsələdir. Ona görə də əgər toqquşmalar baş verərsə belə, onlar uzunmüddətli olmayacaq. Amerikanın artıq uzunmüddətli hərbi kampaniya aparmağa gücü və imkanları çatmır. Üstəlik, İran Venesuela deyil. İran ABŞ-ı ciddi zərbələrə məruz qoya bilər və bu zərbələrin təsiri kifayət qədər böyük ola bilər”.
Aynur Babazadə



.jpg)