ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı elə bir qərar qəbul etmək niyyətində olduğunu bildirib ki, bu qərar təkcə ABŞ-a deyil, bütün dünyaya fayda versin.
Bunu Amerika lideri Floridada yerləşən Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlamasında deyib.
"Bir çoxunuz hələ qərarımın nədən ibarət olduğunu bilmirsiniz, lakin bu məsələni həll edəcəyik və siz də hər şeyi öyrənəcəksiniz. Bu, ölkəmizə və düşünürəm ki, bütün dünyaya fayda verəcək çox yaxşı qərardır. Çünki biz qlobal arenada fəaliyyət göstəririk", - Tramp bildirib.
ABŞ dövlət katibi Marko Rubio isə prezidentin Rusiyaya qarşı mümkün sanksiyaların və digər ölkələrə tətbiq oluna biləcək əlaqəli gömrük rüsumlarının nəticələrini qiymətləndirmək üçün 60 günlük müddətdən istifadə etmək niyyətində olduğunu açıqlayıb.
"Problem ondadır ki, bu sanksiyalar təkcə Rusiyaya aid deyil. Onlara Hindistan və digər ölkələr də daxil olmaqla, bir sıra dövlətlərə tətbiq ediləcək rüsumlar da daxildir. Buna görə də prezident bu 60 gündən sanksiyaların və rüsumların dünya iqtisadiyyatı, hətta ABŞ iqtisadiyyatı üçün nə demək olacağını təhlil etmək məqsədilə istifadə etmək istəyir", – Rubio jurnalistlərə deyib.
Dövlət katibi əlavə təhlilə ehtiyacın dünya enerji bazarlarında yaranmış gərgin vəziyyətlə bağlı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, enerji daşıyıcılarının tədarükünə İran ətrafındakı vəziyyət və Hörmüz boğazındakı gərginlik, husilərin Səudiyyə Ərəbistanına hücumları, eləcə də Rusiya-Ukrayna münaqişəsi zamanı enerji infrastrukturuna endirilən zərbələr təsir göstərir.
Rubio qeyd edib ki, bu amillərin məcmusu dünya enerji qiymətlərinə təsir edir. Buna görə də Vaşinqton yeni məhdudlaşdırıcı tədbirlərin mümkün iqtisadi nəticələrini diqqətlə qiymətləndirmək niyyətindədir.
///report///




