Fransanın cənub-şərqindəki yeddi departamentdə müşahidə olunan şiddətli yağışlar evlərin və iş yerlərinin su altında qalmasına, həmçinin nəqliyyatın hərəkətində ciddi çətinliklərə səbəb olub.
Bu haqda Fransanın meteorologiya agentliyi "Météo-France” məlumat yayıb.
Bildirilir ki, Qard, Var, Yuxarı Korsika, Ero, Ardeş, Voklüz və Buş-dü-Ron departamentlərində güclü yağışlarla bağlı xəbərdarlıqlar elan edib.
Agentlik bildirib ki, Var, Qard və Yuxarı Korsika departamentlərində ikinci ən yüksək xəbərdarlıq səviyyəsi olan "narıncı" həyəcan siqnalı qüvvədə qalır.
Buş-dü-Ron departamentində gecə saatlarında yağan güclü yağış və fırtına Marsel şəhərinin mərkəzində tramvay xəttinə ziyan vurub və dəmir yolu nəqliyyatının işini pozub.
Şəhər metrosunun 2-ci xəttində yerləşən "National" stansiyası su altında qalıb və nəticədə sərnişinlər üçün bağlanıb. ///qafqazinfo///





