İran ABŞ-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən əvvəl Amerikanın yeni bombardmanlarına hazırlaşır.
Bu barədə "Bloomberg" Tehranın mövqeyi ilə tanış olan mənbəyə istinadən xəbər verib.
Mənbə əlavə edib ki, İran hakimiyyəti İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla, növbəti hücumlar halında cavab tədbirləri planlaşdırır.
Mənbənin sözlərinə görə, noyabrın əvvəlində ABŞ seçkilərindən sonrakı və yanvarın əvvəlində yeni Konqresin vəzifəyə başlamasından əvvəlki dövr ən çətin olacaq. Münaqişədən yeganə çıxış yolu həm ABŞ-yə, həm də İrana qələbə elan etməyə imkan verəcək razılaşmadır.
BƏƏ hökumətinin mövqeyi ilə tanış olan başqa mənbə əlavə edib ki, Fars körfəzi ölkələrindəki bəzi rəsmilər zorakılığın yenidən başlayacağına əmindirlər və bunun əvvəlkindən daha geniş yayıla biləcəyindən qorxurlar.
Gəmiçilik və dəniz təhlükəsizliyi rəsmilərinin sözlərinə görə, İran həmçinin Hörmüz boğazında və yaxınlığında daha çox gəmiyə hücum edir və münaqişənin əvvəlindəkindən daha ciddi ziyana səbəb olur, hücum dronları əvəzinə idarə olunan raketlərdən istifadə edir.
"The Wall Street Journal" (WSJ) daha əvvəl ABŞ-nin İrana qarşı mümkün hücumların bərpasına hazırlaşdığını xəbər verib. Bu arada, "Al Arabiya" telekanalı iddia edib ki, Tehran Vaşinqtona blokadanı ləğv etmək müqabilində Hörmüz boğazının açılmasını təklif edib. ///report///




