Böyük Britaniyanın Baş naziri Endi Börnham ABŞ Prezidenti Donald Trampdan Ukraynanın "Starlink” peyk rabitə sisteminə tam çıxışının təmin edilməsini xahiş edib.
Bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti liderlərin telefon danışığının yekunları ilə bağlı məlumat yayıb.
Tərəflər Rusiya ilə münaqişənin nizamlanması üzrə danışıqlar, enerji əməkdaşlığı və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Böyük Britaniyanın baş naziri Ukraynanın Rusiyanın genişmiqyaslı müdaxiləsinə qarşı müdafiəsini davam etdirməsi üçün "Starlink” sisteminə tam çıxışının qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin Trampın Rusiya Prezidenti Vladimir Putini danışıqlara cəlb etmək istiqamətindəki səylərini qeyd edib. Tərəflər qan tökülməsinə son qoymaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Liderlər enerji sahəsində əməkdaşlığa, o cümlədən Britaniya və ABŞ şirkətlərinin nüvə energetikası sahəsində birgə fəaliyyətinə də diqqət yetiriblər. Onlar Böyük Britaniyanın energetika nazirinin "Jackdaw” neft-qaz yatağının işlənməsinə icazə verməsi barədə qərarını müzakirə ediblər. Tərəflərin qiymətləndirməsinə görə, layihə ölkəyə əhəmiyyətli iqtisadi fayda gətirəcək və iş yerlərinin qorunmasına kömək edəcək.
Danışıq zamanı Folklend adaları yaxınlığında yerləşən "Sea Lion” neft layihəsi də müzakirə olunub. Böyük Britaniyanın baş naziri Argentinanın təzyiq tədbirlərinin Britaniya və ABŞ üçün iqtisadi nəticələrinə diqqət çəkib. O, adaların sakinlərinin öz ərazilərinin təbii sərvətlərinə müstəqil şəkildə sərəncam vermək hüququna hörmət edilməsinin vacibliyini vurğulayıb.
Bundan əlavə, Britaniya hökumətinin başçısı Yəməndəki husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına dəstəyini təsdiqləyib.
Liderlər yaxın vaxtlarda üzbəüz görüşməyə ümid etdiklərini bildiriblər.
///teleqraf///






