Bakı, 30 oktyabr,
Azərbaycan Yazıçılar Birliyində Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş “Böyük amallar və arzular şairi” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, tədqiqatçı, politoloq Reyhan Mirzəzadədir.
Tədbirdə çıxış edən tarixçi alim, kitabxanaşünas Lətifə Məmmədova Səməd Vurğunun yaradıcılığındakı beynəlmiləlçi irsindən bəhs edib.
Təqdimat “Qazax Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, şairin nəticəsi, Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov, tanınmış rəssam Zinaida Mirzəzadə, Səməd Vurğun irsinin araşdırıcısı Aslan Salmansoy, ictimai xadim Ramiz Göyüşov, yazıçı Zöhrə Əsgərova, şair İlham Qazaxlı, Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Mariya Zolotoryova və başqaları çıxış edərək Səməd Vurğun irsinə böyük töhfə olan kitab haqqında xos sözlər söyləyib, müəllifə uğurlar arzulayıblar.
Sonra Nizami rayonu 10 nömrəli tam orta məktəbin şagirdləri Cavid və Fəxri Ağalarovlar Səməd Vurğun şeirlərindən nümunələr söyləyib, gənc istedadlı vokalçı Raul Həmidov musiqi nömrəsi ifa edib.
“Böyük amallar və arzular şairi” kitabında Səməd Vurğunun rus klassiklərinin irsinə olan münasibəti, bu ədəbiyyatdan etdiyi tərcümələr və onun Rusiya ədəbiyyatına verdiyi yüksək qiymət əksini tapıb. Nəşrdə, həmçinin şairin Nikolay Tixonov, Konstantin Simonov, Rəsul Həmzətov, Aleksandr Fadeyev, Pavel Antokolski, Yevgeni Yevtuşenko, Mixail Şoloxov, Maksim Rılski kimi görkəmli şəxsiyyətlərlə dostluq əlaqələrindən bəhs olunur.
Qeyd edək ki, beynəlmiləlçi, dünyəvi şair olan Səməd Vurğunun xaricdə yaşayan bir çox görkəmli şair, yazıçı, rəssam, bəstəkar, digər mədəniyyət xadimləri ilə dostluq, qardaşlıq əlaqələri olub, onun haqqında xeyli əsərlər, poemalar, şeirlər və nəsr əsərləri, xatirələr yazılıb.




