Bakı, 4 noyabr,
İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Trampın yəhudi dövlətinə illik 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına hazır olmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin Kan dövlət televiziyası məlumat yayıb.
İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi bildirib ki, Vaşinqtonla davamlı təmaslara baxmayaraq, belə bir açıqlama gözlənilməz olub. Onun sözlərinə görə, qərarın nəticələri hələlik tam aydın deyil.
Telekanalın məlumatına görə, cəmi iki həftə əvvəl İsrailin müdafiə heyəti ABŞ-yə səfər edərək amerikalı hərbi rəsmilərlə gələcək silah alışını müzakirə edib.
Qeyd edək ki, noyabrın 3-də Tramp “Fox News” telekanalına müsahibəsində ABŞ-nin ilin sonunadək İsrailə illik 4 milyard dollarlıq maliyyə yardımını dayandıracağını bildirib. Onun sözlərinə görə, bu məsələ İsrailin Baş naziri Binyamin Netanyahu ilə bir neçə ay əvvəl razılaşdırılıb.


