Mədəniyyət · AZƏRTAC

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO xəbəri üçün şəkil

İsmayıllı, 8 oktyabr,

İsmayıllının Lahıc qəsəbəsinə qədəm qoyarkən dar daş küçələrdən ucalan çəkic səsləri ilk andaca insanının diqqətini cəlb edir. Bu, təkcə sənətkarlıq emalatxanalarından gələn sadə iş ritmi deyil — əsrlərdir qorunub saxlanılan, nəsildən-nəslə ötürülən zəngin bir irsin sədasıdır.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş əməkdaşı Lahıcın köklü misgərlik sənəti ilə yerindəcə tanış olub.

Bu gün Lahıcın misgər emalatxanaları həm qədim sənətin yaşatdığı ocaq, həm də qəsəbəyə təşrif buyuran turistlərin ən çox üz tutduğu məkanlardandır. Əsrlər öncənin ənənəvi üsulları ilə ərsəyə gələn hər bir məmulat Lahıcın zəngin sənətkarlıq tarixindən bəhs edir.

Azərbaycan zaman-zaman misgərliyin əsas mərkəzlərindən biri kimi tanınıb. Arxeoloji tapıntılar ölkə ərazisində ilk mis emalının Neolit dövrünə — e.ə. VI minilliyə təsadüf etdiyini göstərir. Orta əsrlərdə isə bir sıra iri şəhərlərin inkişafı ilə misgərlik müstəqil sənət sahəsi kimi tam təşəkkül tapıb.

XIX əsrdən etibarən Lahıc Azərbaycanın əsas misgərlik mərkəzinə çevrilib. Burada hazırlanan dolça, satıl, sərnic, sərpuc, güyüm, teşt, məcməi, sini, aşsüzən, kəfkir, kasa, cam, qazan və çıraq kimi məmulatlar mürəkkəb və incə naxışları ilə seçilərək Mərkəzi Asiya, Dağıstan, Gürcüstan, İran və Türkiyədə böyük şöhrət qazanıb. Həmin dövrdə qəsəbədə 52 misgər emalatxanasının fəaliyyət göstərməsi Lahıcın bu sənətdə tutduğu yüksək mövqeyin bariz göstəricisidir.

Lahıc ustalarının əl işləri hər zaman yüksək qiymətləndirilib. 1717–1718-ci illərdə usta Nəcəfqulunun hazırladığı samovarlar böyük şöhrət tapıb. 1850-ci ildə keçirilən Zaqafqaziya diyarının əsərləri sərgisində isə usta Məmməd Qədir "Mis qaba görə" xüsusi pul mükafatına layiq görülüb.

Misgərlik prosesində müxtəlif alətlərdən istifadə olunur. Xammal əvvəlcə emal edilir, daha sonra döyülərək forma verilir və üzəri zərif naxışlarla bəzədilir.

Sənətin yaşadılmasında nəsillərin varisliyi müstəsna rol oynayır. Lahıcın tanınmış misgərlərindən olan Kəbləmi Əliyev artıq 55 ildir ki, bu sənətə xidmət edir. Usta bildirir ki, misgərlik onların ailə peşəsidir: “Bu sənət bizə əcdadlarımızdan yadigar qalıb. Uşaqlıqdan bu mühitdə böyümüşəm. Ailədə altı qardaşıq, hamımız bu işə könül vermişik. Bizdən sonra da övladlarımız bu irsi yaşatacaqlar".

Kəbləmi Əliyevin sözlərinə görə, həqiqi misgər olmaq üçün sənətin bütün mərhələlərinə dərindən bələd olmaq lazımdır:

“Hazırlanan əşyanın ölçüsü və mürəkkəbliyi artdıqca ona sərf olunan zəhmət də çoxalır, aylarla vaxt tələb edir. Məsələn, beş-altı usta ilə birgə altı ay ərzində insan boyu hündürlüyündə samovar hazırladıq və üzərinə imzalarımızı həkk etdik. Sevindiricidir ki, bu gün də Lahıcda misgərliyə maraq böyükdür. Qəsəbə sakinləri sənətin incəliklərini həvəslə öyrənirlər. Əsrlərdən gələn bu xəzinəni gələcək nəsillərə ötürə bildiyimiz üçün qürur duyuruq".

Lahıc misgərlik sənətinin bəşəri dəyəri beynəlxalq səviyyədə də təsdiqini tapıb — 2015-ci ildə bu sənət UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

İndi Lahıcda mis üzərinə dəyən hər çəkic zərbəsi keçmişlə bu gün arasında möhkəm bir körpü yaradır. Əsrlərin sınağından çıxan bu sənət ustaların mübarək əllərində yaşayır, gənclərin həvəsi ilə gələcəyə doğru inamla addımlayır.

Müxbir - Fidan Əlizadə

Videonu AZƏRTAC-da aç

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑