Bakı, 9 oktyabr
Bu gün iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyinin təmin edilməsi bir-biri ilə sıx bağlı olan və regional əməkdaşlıq tələb edən məsələlərdir. Hesab edirəm ki, Xəzər hövzəsi və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr bu istiqamətdə mühüm imkanlara malikdir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı İƏT-in Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova deyib.
Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi, bərpaolunan enerji sahəsində artan potensialı və regional enerji bağlantılarının inkişafına yönəlmiş təşəbbüsləri ölkənin bu əməkdaşlıqda rolunu daha da gücləndirir: “Xüsusilə Mərkəzi Asiya ilə Avropa arasında enerji əlaqələrinin genişləndirilməsi Xəzər regionunu yaşıl enerji keçidi baxımından strateji məkana çevirir. Bu potensialdan səmərəli istifadə etməklə həm enerji təhlükəsizliyinə, həm də iqlim məqsədlərinə töhfə vermək mümkündür”.
Türkmənistanın Türkmənbaşı şəhərində dövlət başçılarının iştirakı ilə Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasına toxunan icraçı direktor nəzərə çatdırıb ki, Xəzəryanı dövlətlər İƏT-ə üzv olan ölkələrdir və bu istiqamətdəki işlər birgə müzakirə olunmalıdır.
“Regional əməkdaşlığın bu prosesdəki əhəmiyyətini xüsusi ilə əhəmiyyətlidir. CECECO-nun əsas missiyası İƏT-ə üzv ölkələrdə bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığı genişləndirmək, bilik və təcrübə mübadiləsini təşviq etmək, institusional potensialı gücləndirmək, texniki və maliyyə resurslarının səfərbər edilməsinə dəstək göstərməkdir. Mərkəzin əsas prioritetlərindən biri bu əməkdaşlığı konkret təşəbbüslərə, birgə layihələrə və real nəticələrə çevirməkdir. Təmiz enerji məsələlərinə yalnız enerji təhlükəsizliyi və emissiyaların azaldılması prizmasından yanaşmaq kifayət deyil. Xəzər dənizinin ekoloji problemləri də regional gündəliyimizin mühüm hissəsidir. Dənizin səviyyəsində baş verən dəyişikliklər, biomüxtəlifliyin qorunması və ekosistemə antropogen təsirlərin azaldılması ölkələrin birgə səylərini tələb edir. Bərpaolunan enerjinin inkişafı, enerji səmərəliliyinin artırılması və ekoloji cəhətdən dayanıqlı texnologiyaların təşviqi bu istiqamətdə ümumi səylərimizi tamamlaya bilər. Bu baxımdan, 2026-cı ilin fevral ayında CECECO, ADA Universiteti və Qazaxıstanın Azərbaycandakı diplomatik nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Xəzər dənizində fövqəladə vəziyyət: Səbəblər, nəticələr və həll yolları” adlı dəyirmi masanı xüsusi qeyd etmək istərdim.
Tədbir Xəzər dənizinin qarşılaşdığı çağırışları müzakirə etmək, ekspertləri və praktiki mütəxəssisləri bir araya gətirmək, eləcə də regional əməkdaşlığın imkanlarını nəzərdən keçirmək baxımından əhəmiyyətli platforma oldu. Müzakirələr bir daha göstərdi ki, Xəzər dənizinin ekoloji vəziyyəti yalnız bir ölkənin deyil, bütün regionun ortaq məsuliyyətidir. Prezident İlham Əliyevin iştirakı ilə Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində 5 Xəzəryanı dövlət başçısının dənizin ekoloji problemlərini gündəliyə çıxararaq müzakirə etmələri təsadüfi xarakter daşımır.
CECECO olaraq, Mərkəzi Asiya ölkələri ilə təmiz enerji göstəricilərinin hazırlanması, mütəxəssislərin potensialının artırılması və gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi istiqamətində əməkdaşlığa xüsusi önəm veririk. Məqsədimiz ölkələri, beynəlxalq təşkilatları, akademik dairələri və özəl sektoru bir araya gətirərək ortaq prioritetlərimizi praktik nəticələrə çevirməkdir. Azərbaycanın fəal iştirakı və regional tərəfdaşlarla birgə səylər Xəzər hövzəsində təmiz enerji keçidinin sürətləndirilməsinə, ekoloji dayanıqlılığın gücləndirilməsinə və davamlı iqtisadi inkişafın təmin edilməsinə mühüm töhfə verə bilərik. Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma və güclü regional tərəfdaşlıq Xəzər dənizinin qorunması və gələcək nəsillərə sağlam ekosistemin ötürülməsi üçün əsas şərtlərdəndir”, - deyə Aysel Yaqubova əlavə edib.
